“Sabah”ın futbolçusu: “İnanmıram ki, çempionluğun taleyi bir oyunla həll olunsun” - MÜSAHİBƏ

24 Fevral 2026 11:33
92
“Sabah”ın futbolçusu: “İnanmıram ki, çempionluğun taleyi bir oyunla həll olunsun” - MÜSAHİBƏ

“Şübhəsiz ki, çox vacib matçdır, amma inanmıram ki, çempionluğun taleyi bir oyunla həll olunsun”.

Bunu “Sabah”ın futbolçusu Cesse Sekidika futbolpress.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Klub tarixində ilk dəfə ardıcıl 10 qələbə qazanmısınız. Fikirləriniz nədir?

– Əlbəttə ki, bu, böyük nailiyyətdir. Bu komandanın ardıcıllığını və mentalitetini göstərir. Amma düzü, buna aldanmırıq. Etdiyimiz işlərə hörmətlə yanaşırıq, amma diqqətimiz həmişə növbəti matça və inkişafa yönəlib.

– Qarşıda isə mövsümün ən kritik oyunu – “Qarabağ”la matç var. Sizcə, çempionluğun taleyi bu oyunla həll olunacaq?

– Şübhəsiz ki, çox vacib matçdır, amma inanmıram ki, çempionluğun taleyi bir oyunla həll olunsun. Titul bütün mövsüm ərzində ardıcıllıqla qazanılır. Amma bu matç təkan və inam verə bilər və biz məsuliyyəti başa düşürük. İşimizə ciddi yanaşırıq.

– “Qarabağ” çətin “Nyukasl” səfərindən gələcək. Bu, sizə hansısa üstünlük qazandırır?

– “Qarabağ” bu vəziyyətləri idarə etməkdə çox təcrübəlidir. Dəfələrlə belə oyunlara çıxıblar. Düşünmürəm ki, yorğunluq və ya səyahət hər iki tərəf üçün bəhanə ola bilər. Bu səviyyədə hər komanda şəraitdən asılı olmayaraq hazır olmalıdır.

– Məğlubiyyət komandanı təzyiqə sala bilər. Buna hazırlıqlısınız?

– Mənfi ssenariləri düşünmürük. Düşüncə tərzimiz çox sadədir: hər gün təkmilləşmək və hər matçda ən yaxşımızı göstərmək üçün işə gəlirik. Turnir cədvəli yanaşmamızı dəyişmir. Nəzarət edə biləcəyimiz şeylərə – performansımıza, mentalitetimizə və ardıcıllığımıza diqqət yetiririk. Bunu düzgün şəkildə etsəniz, mövsüm özünü müəyyən edəcək. Hazırda yeganə işimiz oyundan-oyuna təkmilləşməyə və ən yüksək səviyyədə yarışmağa davam etməkdir.

– Zədədən qayıdandan sonra tam formanı yığa bilmisiniz?

– Özümü fiziki cəhətdən yaxşı hiss edirəm və daha da önəmlisi, yenidən özümə inamlıyam. Zədədən sonra qayıtmaq həmişə bir az vaxt aparır. Yəni, təkcə bədən deyil, həm də zehni olaraq olmalısan. Komandaya hər cəhətdən kömək etməyə diqqət yetirirəm. Hər matçda özümü daha güclü və daha inamlı hiss edirəm. Bu, vacibdir.

İdman.Biz