“Neftçi” əfsanəvi futbolçusu Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib.
İdman.Biz kluba istinadən bildirir ki, 2026/2027 mövsümündən etibarən komandanın 9 nömrəli forması Banişevskinin xatirəsinə istifadədən götürüləcək.
Qərar fevralın 23-də anadan olmasının 80 illiyi tamam olan unudulmaz hücumçunun xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.
Bildirilib ki, Anatoli Banişevski 16 il ərzində “Neftçi”nin 9 nömrəli formasını şərəf və sədaqətlə geyinib, bu nömrə altında çoxsaylı qələbə qolları vuraraq klubun adını yüksəklərə daşıyıb.
Qeyd olunub ki, bu addım 89 illik tarixi ərzində Azərbaycan futboluna mühüm töhfələr vermiş “Neftçi”nin şanlı keçmişinə və klubun formasını daşımış bütün futbolçulara hörmətin ifadəsidir.
