Bu gün Azərbaycanın dörd komandası yoxlama oyunlarında qüvvəsini sınayacaq.
İdman.Biz xəbər verir ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” Çin təmsilçisi “Çenqdu Ronqçenq”lə üz-üzə gələcək.
“Ağ-qaralar” indiyədək Misirin “Piramids” klubu ilə 1:1 hesablı heç-heçə edib, Qazaxıstanın “Kayrat”ını isə 3 cavabsız qolla məğlubiyyətə uğradıb.
Türkiyənin Antalya bölgəsində toplanışda olan “Zirə” və “Qarabağ” isə bu gün iki oyuna çıxacaqlar. Paytaxt təmsilçisi Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” komandaları ilə qarşılaşacaq. Ağdam klubu isə Bakı vaxtı ilə saat 12:00-da Xorvatiyanın “Osiyek”, 19:00-da isə Polşanın “Zaqlebye” kollektivinə qarşı gücünü sınayacaq.
“Zirə” ilk oyunda Rumıniyanın “Çiksereda” klubu ilə bərabərə qalıb - 3:3. Özbəkistan təmsilçisi “Neftçi”ni beş cavabsız qolla məğlub edib.
“Sumqayıt” Antalyada sonuncu qarşılaşmasını keçirəcək. “Gənclik şəhəri” təmsilçisi axşam saatlarında “Osiyek”lə münasibətlərə aydınlıq gətirəcək. Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın “Pakş” və Serbiyanın OFK (Berlqrad) komandalarına uduzub - 1:5, 1:4.
