Aslan Kərimov: “Qarabağ”ın “Braqa” önündə şansı azdır”

Müsahibə
18 Dekabr 2023 17:14
1 761
Aslan Kərimov: “Qarabağ”ın “Braqa” önündə şansı azdır”

“Azarkeşlər ən münasib rəqib kimi “Yanq Boys”u görürdülər. Mən də onların düşməsini istəyirdim”.

Bunu İdman.bizə veteran futbolçu Aslan Kərimov Avropa Liqasında pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

O, “Qarabağ”a rəqib olan Portuqaliyanın “Braqa” klubunu Avropa Liqasının 1/16 final mərhələsindəki ən güclülərdən biri kimi xarakterizə edib: “Gənc istedadlarla bol olan Portuqaliya klubları hər zaman güclü olublar. Hazırkı durumda “Braqa” əla formadadır. Çempionlar Liqasında “Real” və “Napoli” kimi komandalarla mübarizə aparıb. Almaniya təmsilçisi “Union Berlin”i geridə qoymağı bacaran bir klubdan danışırıq. Bəlkə onların qrupunda başqa klublar olsaydı, yollarına Çempionlar Liqasında davam edərdilər. Düşünürəm ki, “Qarabağ”ın şansı bu oyunda çox azdır”.

Kərimovun sözlərinə görə, cütün taleyində qış fasiləsi həlledici rol oynaya bilər: “Yalnız bir şeyə ümid etmək olar, “Braqa” kimi komandalar adətən qış fasiləsində güclü oyunçularını satırlar. Yenə də buna əl atacaqlarını dəqiq bilmirəm. Onların əsas siyasəti oyunçu yetişdirib satmaq və pullar qazanmaqdır”.

Azərbaycan milli komandasının sabiq üzvü hesab edir ki, “Baraqa”nı keçmək üçün “Qarabağ” bütün mövqelərinə transferlər etməlidir: “Ən vacib mövqelərdən biri mərkəz müdafiəsidir. Bununla belə, qarant verilə bilməz ki, “Braqa” səddi aşılacaq. Kevin Medina kimi bir ad lazımdır. Bəhlul Mustafazadə pis deyil, Bədavi Hüseynov isə zədədən sonra hələ formasını bərpa etməyib. Hücumçu da vacibdir. Juninyo Olaviyo qollar vursa da, indiyə qədər oynadığımız ən ciddi rəqibimiz olan “Bayer”ə qarşı matçlarda heç nə etmədi. “Qarabağ”da ən azında mərkəz müdafiəçisi və oyun qurucusuna ehtiyac var”.

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə keçirəcək. Cavab qarşılaşması isə ayın 22-də olacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: