U-21 millisinin futbolçusu: “Bütün oyunçular əlindən gələnin ən yaxşısını etməyə çalışır” - MÜSAHİBƏ

26 Sentyabr 2026 10:33
75
U-21 millisinin futbolçusu: “Bütün oyunçular əlindən gələnin ən yaxşısını etməyə çalışır” - MÜSAHİBƏ

“Komanda şəklində çox yaxşı oynadıq, döyüşdük”.

Bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Eşqin Əhmədov Avropa çempionatının seçmə mərhələsində Çexiya U-21 ilə matçdan (1:1) sonra sport1.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Oyunla bağlı təəssüratlarınız necədir?

- Çətin olacağını bilirdik. İlk oyunda böyükhesablı məğlubiyyət qeydə alınmışdı. Bu gün matça yaxşı hazırlaşmışdıq. Doğma azarkeşlərimizin önündə oynayırdıq. Meydana qələbə üçün çıxmışdıq. Yenə də 1 xal qazandıq. Bu, bizim üçün çox yaxşı nəticədir.”

- Yığmanın bərabərlik qolunun müəllifi oldunuz. Öz performansınızdan və komandanın ümumi çıxışından nə dərəcədə razısınız?

- Komanda şəklində çox yaxşı oynadıq, döyüşdük. Hamıda qələbə qazanmaq istəyi var idi. Qalib gəlməyə çalışırdıq. Məncə, oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi.

- Çexiya U-21 seçməsi ilə ilk oyundan (5:0) bu vaxta qədər nə dəyişdi ki, komanda 1 xal qazandı?

- Həmin vaxt məşqçimiz yeni gəlmişdi. Məşqçinin dediklərini meydanda tətbiq etməyə çalışırıq və nəticə özünü göstərir.

- Milli komanda düşərgəsi ilə klub futbolundakı mühitin bir-birindən əsas fərqləri nədir? Burada adaptasiya sizin üçün bir qədər çətin olur?

- Xeyr. Bura milli komandadır və hər bir futbolçunun arzusu yığmada çıxış etməkdir. Bütün oyunçular əlindən gələnin ən yaxşısını etməyə çalışırlar.

- Hücumların qurulmasında aktiv iştirak edirdiniz. Nəticə isə məntiqi sonluqla bitmirdi. Problem nə idi?

- Bəzən belə hallar olur. Fürsətlərimizi dəyərləndirməyə çalışırdıq. Belə çətin oyunlarda həmişə çox az qol epizodu yaranır və biz də ələ düşən şanslardan maksimum istifadə etməyə səy göstəririk.

- Bilirsiniz ki, U-20 yığmamız Dünya Çempionatına yollanacaq. Həmin komandada oynamaq istərdiniz, yoxsa U-21-də qalmağı üstün tutursunuz?

- Əslində yaşım ora çatmır, amma hər futbolçunun məqsədi əsas millidə oynamaqdır. İnşallah, vaxtı gələndə orada çıxış edərik.

İdman.Biz