“Eşqin boyca kiçik olsa da, dözümlülüyü və yüksək sürəti ilə fərqlənir” - Famil Xəlilovun İDMAN.BİZ-ə AÇIQLAMASI - FOTO/VİDEO

17 Noyabr 2026 17:20
50
“Eşqin boyca kiçik olsa da, dözümlülüyü və yüksək sürəti ilə fərqlənir” - Famil Xəlilovun İDMAN.BİZ-ə AÇIQLAMASI - FOTO/VİDEO

Futbol üzrə Azərbaycan millisinin gənc üzvü Eşqin Əhmədov Andorra ilə yoldaşlıq oyununda (3:1) əsas yığmada debüt edib. 21 yaşlı yarımmüdafiəçi ilk oyununda qol vurmaqla da diqqət çəkib.

İdman.Biz bu münasibətlə hazırda Azərbaycan U-16 millisinin baş məşqçisi olan, vaxtilə Qəbələ Futbol Akademiyasında Eşqinin məşqçisi kimi çalışan Famil Xəlilovla əlaqə saxlayıb.

Mütəxəssis futbolçunun 2016-cı ildən Qəbələ Futbol Akademiyasında məşq etdiyini, əslən Tovuzdan olduğunu bildirib.

O, yetirməsinin fiziki göstəricilərindən, sürətindən və dözümlülüyündən danışıb.

“Eşqin fiziki göstəricilərinə görə seçilən futbolçudur. Boyca kiçik olsa da, dözümlülüyü və sürəti yüksək səviyyədədir. Texniki bacarıqları da ona müasir cinah müdafiəçisinin əsas xüsusiyyətlərini özündə birləşdirməyə imkan verir. Eşqin nizam-intizamlı, məsuliyyətli və məşqlərə ciddi yanaşan futbolçudur.

Onun cəsarətli və mübariz xarakterini xüsusi qeyd etmək istərdim. Bu xüsusiyyətləri ona həm hücumlarda, həm də müdafiəyə keçidlərdə fəal iştirak etməyə imkan verir.

Eşqinin xarakteri haqqında da ayrıca danışmaq istərdim. O, istər məşqlərdə, istərsə də oyunlarda hər zaman yüksək motivasiya ilə çalışır. Pozitiv enerjisi ilə ətrafındakı insanlara müsbət təsir göstərir. Komanda yoldaşları, məşqçilər və ətrafındakı insanlar tərəfindən sevilir. Məncə, onun futbolçu kimi inkişafında bu xarakter xüsusiyyətlərinin də mühüm rolu var” - deyə uzun illər Eşqinin məşqçisi olmuş Famil Xəlilov bildirib.

Qeyd edək ki, Andorra ilə oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov da Eşqin Əhmədovun çıxışını müsbət qiymətləndirib. O, futbolçunun inkişafında “Qəbələ” Futbol Klubunun rolunu xüsusi vurğulayaraq, ona güvənən və əsas heyətdə mütəmadi oyun şansı verən klub rəhbərliyinə minnətdarlığını bildirib.

İdman.Biz