“Çempionlar Liqasında çıxış etmək çox yaxşı təcrübədir, lakin “Sabah”ın qalib gəlmək şansı çox azdır. Bilirsiniz ki, “Barselona” turnirin əsas favoritidir. Azərbaycan təmsilçisinin şansları çox olmasa da, komanda çox yaxşı çıxış etdi və bu, hər kəs üçün sürpriz oldu”.
Bu fikirləri “Barselona”nın sabiq futbolçusu Robert Prosineçki səsləndirib.
O, “Sabah”ın oyunu və heyəti barədə ətraflı məlumata malik olmadığını bildirib.
“Hazırda “Sabah” haqqında çox məlumatım yoxdur. Yalnız komandanın oyununa bir qədər baxmışam. Bu kollektivin imkanları barədə ətraflı fikir söyləyə bilmərəm”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Robert Prosineçki “Barselona”nın UEFA Çempionlar Liqasını qazanmaq şanslarını da dəyərləndirib. O, Kataloniya təmsilçisinin turnirin ən güclü komandalarından biri olduğunu vurğulayıb:
“Barselona” yaxşı komandadır. PSJ, “Real Madrid” və “Bavariya” ilə birlikdə ən güclü klublardan biridir. Təkcə “Sabah”ın deyil, digər klubların da “Barselona” ilə oyunda şansı çox deyil”.
Robert Prosineçki 1995-1996-cı illərdə “Barselona”nın formasını geyinib.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.
