“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev karyerasını yenidən Rusiyada davam etdirə bilər.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi agentlər vasitəsilə Rusiyanın “Rubin” və “Krasnodar” klublarına təklif olunub.
Hazırda bu komandaların Özbəkistan millisinin üzvü ilə bağlı hansı addımları atacağı məlum deyil. Tərəflər arasında mümkün əməkdaşlığın reallaşıb-reallaşmayacağı isə qarşıdakı dövrdə bəlli olacaq.
Raxmonaliyev üçün Rusiya futbolu tanış məkandır. O, “Sabah”a keçməzdən əvvəl 2023-2025-ci illərdə “Rubin”in formasını geyinib. Bu baxımdan Kazan təmsilçisinə mümkün qayıdış onun üçün əvvəlki klubuna dönüş anlamı daşıya bilər.
“Krasnodar” variantında isə diqqətçəkən məqam komandanın hazırkı baş məşqçisinin Murad Musayev olmasıdır. Rusiyalı mütəxəssis daha əvvəl “Sabah”da çalışıb və Bakı klubunun futbol mühitinə yaxından bələddir.
Qeyd edək ki, Umarali Raxmonaliyev 2025-ci ildən “Sabah”da çıxış edir. Onun Azərbaycan təmsilçisi ilə müqaviləsi 2028-ci ilədək qüvvədədir.
