Aftandil Hacıyev: “Qarabağ” “Yanq Boyz”la matçda üstünlük əldə edə bilər”

Xəbərlər
16 Dekabr 2023 16:17
1 570
Aftandil Hacıyev: “Qarabağ” “Yanq Boyz”la matçda üstünlük əldə edə bilər”

“Avropa Liqasının pley-off mərhələsindəki rəqiblərin keyfiyyəti hər kəsə məlumdur. Hətta bunlar arasında “Qarabağ” üçün xeyirli ola biləcəyini seçmək belə çətindir”.

Bunu İdman.biz saytına “Qarabağ” Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

O, Azərbaycan çempionunun tarixdə ilk dəfə Avropa Liqasının pley-offa vəsiqə qazanmasını yüksək qiymətləndirsə də, mümkün rəqiblər arasında seçim etməyə çətinlik çəkib. Hacıyev bildirib ki, Bakıda “Qalatasaray”, “Milan” kimi komandaları görməyi çox istəyir: “Lakin bütün hallarda “Qarabağ” üçün növbəti mərhələyə adlaya biləcək rəqiblərin olmasını arzulayıram. Bəlkə də aralarında seçim etməli olsaq, “Yanq Boyz” klubu bizə uyğun kimi gəlir. Ancaq son zamanlar bu komanda da yüksəliş mərhələsini yaşayır. Fikrimcə, bu isveçrəlilərlə qarşılaşmada “Qarabağ” üstünlük əldə edə bilər. Hər bir rəqib bu mərhələdə layiqli mübarizə aparacaq. Püşkatmadan sonra bu barədə daha dəqiq danışa bilərik”.

Hacıyev “Qarabağ”ın mümkün qədər irəliləyə biləcəyini də deyib. O vurğulayıb ki, yarışda yüksək səviyyəli komandanlar çıxış edir: “Unutmayaq ki, bu kuboku vaxt ilə “Qalatasaray” qazanıb. İnanırıq ki, “Qarabağ” da bu qələbəni dadacaq”.

Qeyd edək ki, “Qarabağ”ın Avropa Liqasının 1/16 finalında mümkün rəqibləri “Qalatasaray” (Türkiyə), “Benfika”, “Braqa” (hər ikisi Portuqaliya), “Lans” (Fransa), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Feyenoord” (Niderland) və “Şaxtyor”dur (Ukrayna). Püşkatma dekabrın 18-də olacaq.

Banuçiçək Hüseynli
İdman.biz