TƏBİB qəzada xəsarət alan PFL rəsmilərinin vəziyyətini açıqlayıb - Bakıya təxliyə olunublar

Xəbərlər
16 Dekabr 2023 12:11
244
TƏBİB qəzada xəsarət alan PFL rəsmilərinin vəziyyətini açıqlayıb - Bakıya təxliyə olunublar

Ağdamın Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan PFL rəsmiləri Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

Bu barədə İdman.bizə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı direktoru Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev və sürücü Rasim Qafarlı bu gün səhər saat 07:05 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 3-nün vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

İdman.biz