“Neftçi”nin legioneri: “Qarabağ”la xal fərqimiz böyükdür, amma futbolda hər şey mümkündür”

Xəbərlər
6 Dekabr 2023 13:14
589
“Neftçi”nin legioneri: “Qarabağ”la xal fərqimiz böyükdür, amma futbolda hər şey mümkündür”

“Premyer Liqada “Qarabağ”la oyuna 2 tur qalıb”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Lukas Melano bu gün keçirilən mətbuat konfransında “Qarabağ”la Azərbaycan derbisini dəyərləndirərkən deyib.

Argentinalı forvard bildirib ki, hələ çempionatın bitməsinə çox qalıb: “Qarabağ”la aramızda xal fərqi böyükdür. Amma futbolda hər şey mümkündür. Təkcə, “Qarabağ”la matça deyil, bütün görüşlərə köklənmək lazımdır. Bundan sonra ağdamlılarla oyunu düşünüb, nəticələr əldə etməliyik”.

O, uğurlu alınan MLS karyerasından da söz açıb. Hücumçu onunla “Portland Timbers”də oynayan Samuel Armenterosun vaxtı ilə “Qarabağ”ın formasını geyinməsindən xəbərsiz olduğunu qeyd edib: “Onunla çox yaxşı münasibətimiz var. Tez-tez danışırdıq. Sırf Azərbaycan haqqında danışıq olmayıb. O bir çox ölkələrdə oynayıb. MLS-də Zlatan İbrahimoviç, Didye Droqba, Covinko, Frank Lampard kimi oyunçulara qarşı oynamışam. Hazırda MLS daha çox inkişaf edib. Qismət olsa, nə vaxtsa qayıdaram. Gələcəkdə karyeramı bitirdikdən sonra ABŞ-da yaşamaq istəyərəm”.

Lukas Adrian Mutu ilə bağlı da fikirlərini açıqlayıb. O bildirib ki, hər bir məşqçinin özünə məxsus fəlsəfəsi və ideyası var: “Sözün əsl mənasında məşqlərimiz əla keçir. Yaxşı kollektivimiz var. Məşqçinin tapşırıqlarını da maksimum yerinə yetirməyə çalışırıq. Əlimizdən gələnin ən yaxşısını edirik. Bəzən alınır, bəzən isə yox”.

Qeyd edək ki, bu ilin sentyabrında “Neftçi”yə transfer olunan Melano Azərbaycan çempionatında 7 oyuna çıxıb.

Emin Ağa
İdman.biz