Rüstəm Orucov ermənini susdurdu: "Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib"

Xəbərlər
2 Oktyabr 2023 14:33
259
Rüstəm Orucov ermənini susdurdu: "Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib"

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.

İdman.biz xəbər verir ki, Azərbaycan Atletlər Komissiyasının sədri, Rio-2016 Yay Olimpiya Oyunlarının ikiqat dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu cüdoçu Rüstəm Orucovun da iştirak etdiyi tədbirdə bütün ölkələri təmsil edən komissiya üzvləri ən vacib məsələləri müzakirə etmək üçün bir araya gəliblər.

Rüstəm Orucov bildirib ki, forumun ilk günündə bir sıra maraqlı məsələlər müzakirə olunub. Həmçinin Rusiya və Belarus idmançılarının yarışlarda hansı status altında çıxış edəcəyi barədə məsələyə də baxılıb.

Forumun birinci günündə erməni idmançı təxribat xarakterli çıxış edib. Sessiyaların birində səhnəyə çıxan Arsen Culfalakyan müharibə şəraitində olan ölkəsinin hazırda 125 min qaçqını olduğunu bildirib.

Forumda iştirak edən Azərbaycan Atletlər Komissiyasının sədri Rüstəm Orucov isə çıxış edərək, dərhal erməni idmançını susdurub: “30 il əvvəl müharibəni ermənilər başladı və torpaqlarımız işğal edildi. Biz heç kimin torpağına göz dikməmişik. Əgər hazırda sizdə qaçqın varsa, bu problem deyil, onlar Qarabağda qalıb, yaşaya bilərlər. Bu gün Qarabağı könüllü tərk edərək, Ermənistana gedən erməni əsilli şəxslərin Azərbaycanın humanistliyi sayəsində Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait yaradılır. Onlara qarşı heç bir zorakılıq edilmir. Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib və Qarabağdakı erməni sakinlərə ərzaq və tibbi yardım göstərir. Amma 1990-cı illərdə erməni separatçılar xalqımıza qarşı böyük vəhşiliklər törədiblər. Əliyalın soydaşlarımız xüsusi amansızlıqla, işgəncələrə məruz qalaraq qətlə yetirilib, genosidə məruz qalıblar. Onlar öz vətənində məcburi köçkünə çevrildilər”.

Rüstəm Orucovun tutarlı cavablarından sonra isə erməni dərhal sakitləşərək fikirlərinə düzəliş edib. O, əslində, idmanı siyasətə qatmamağı və mübarizəni tatamidə aparmaq lazım olduğunu qeyd edib: “Demək istəyirəm ki, müharibə şəraitində olan bütün ölkələr Olimpiya Həmrəyliyi tədbirlərində iştirak etməlidirlər. Müharibəni idmana qatmaq olmaz. Biz idmançılar öz gücümüzü idman arenasında göstərməliyik”.

Beynəlxalq Atletlər Forumuna bu gün yekun vurulacaq.

İdman.biz