“Gəlin birlikdə qaçaq” yarışının qalibləri bəlli olub - FOTO

Xəbərlər
27 May 2024 21:32
104
“Gəlin birlikdə qaçaq” yarışının qalibləri bəlli olub - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş kütləvi qaçış tədbiri keçirilib.

İdman.biz xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gəlin birlikdə qaçaq” şüarı altında təşkil olunan yarışda respublikanın müxtəlif regionlarından olan 400-ə yaxın iştirakçı mübarizə aparıb.

Ümumilikdə 11 km məsafəni əhatə edən yürüşdə qaliblər müxtəlif kateqoriyalar üzrə müəyyən olunub. Heydər Əliyev parkında startı verilən yürüşdə ümumi kateqoriyada kişilərdə Samir Hüseynov, qadınlarda isə Anna Yusupova mütləq çempion adını qazanıblar.

40 yaşdan yuxarı kişilər arasında Vitali Davidov, qadınların mübarizəsində isə Ziba Xuduzadə finişə birinci gəliblər. 50 yaşdan yuxarı iştirakçılar arasında Yadigar Hüseynov və Gülçöhrə Dadaşova bütün rəqiblərini qabaqlayıblar. Yaşı 60-dan çox olan idmançılar arasında Tapdıq Dadaşov və Gülnarə İsmayılova fərqləniblər.

Region iştirakçıları isə 6 km məsafəyə qaçışda mübarizə aparıblar. Ümid İbrahimov və Nurtac Qarayeva rəqiblərini qabaqlayıblar. Ayxan Aslanov və Xədicə İbrahimova isə 600 metr məsafəyə qaçışda qalib olublar.

İdman.biz