“Lisenziya almaq üçün çalışıram”

Xəbərlər
15 Sentyabr 2023 18:24
“Lisenziya almaq üçün çalışıram”

“Hər gün məşq edirik, məqsədimiz Paris olimpiadasına vəsiqə qazanmaqdır”.

Bunu İdman.biz saytına kamandan oxatma üzrə Azərbaycan milli komandamızın üzvü Yaylagül Ramazanova deyib.

III Avropa Oyunlarının iştirakçısı olan Y.Ramazanova hazır ki, durumundan və gələcək planlarından danışıb:

“Hazırda Qara Qarayevdə yerləşən bazamızda məşq edirik. Məşqlər intensiv şəkildə davam edir, ruh yüksəkliyi var, ab-hava olduqca yaxşıdır. Mən 70 m məsafəyə ox atıram. Sadəcə hava şəraitinə görə atış məsafəsi dəyişir. Çünki hazırda bazamızda şərait istənilən səviyyədə olmadığından işimizə çətinlik yaradır. Belə ki, hava şəraiti qeyri-sabit olan zaman qapalı məkanda 30 m məsafədən ox atırıq. Bizim növ belədir ki, gərək qışda da 70 m məsafəyə atışlar edək, ancaq bir çox hallarda 18 m məsafəyə atışlar etməklə kifayətlənirik. Amma bizə deyiblər ki, yaxın zamanda məşq şəraitimiz yaxşılaşdırılacaq. Bizi heç nə ruhdan salmır, inamla çalışırıq, hədəfim Paris 2024-ə lisenziya qazanmaqdır. Bu il lisenziya xarakterli yarışlar bitdi, gələn Almaniyada Avropa çempionatı və dünya kuboku yarışları vsr var ki, maksimum nəticə əldə edib olimpiyadaya vəsiqə qazanmaq istəyirəm”.

Ağa Dadaşzadə

İdman.biz