Fərid Xəlilov: “Növbəti il üçün milli komanda bu nəticələr əsasında formalaşacaq”

9 Avqust 2026 19:42
166
Fərid Xəlilov: “Növbəti il üçün milli komanda bu nəticələr əsasında formalaşacaq”

“Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku maraqlı və gərgin mübarizə ilə yadda qalıb”.

İdman.Biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov deyib.

Federasiya rəsmisi yarışın ilk dəfə Binə Atçılıq Mərkəzində təşkil olunduğunu vurğulayaraq, bir sıra yeniliklərin tətbiq edildiyini bildirib:

“Ölkə çempionatı ilk dəfə Binə Atçılıq Mərkəzində keçirildi. Yarış zamanı yeni dekorasiyalardan, avadanlıqlardan və texnologiyalardan istifadə etdik. Artıq Beynəlxalq Federasiyanın xal hesablama sistemini də tətbiq edirik. Görüşlər çox maraqlı və gərgin keçdi”.

Xəlilov kişilər arasında çempionun müəyyənləşdiyi finalın xüsusi həyəcanla yadda qaldığını qeyd edib:

“İdmançılar bərabər xal topladıqdan sonra qalibi müəyyənləşdirmək üçün “shoot-off”a - əlavə atışa ehtiyac yarandı. Sonda cəmi bir xal fərqi çempionun kimliyini müəyyən etdi”.

Baş katib qadınların yarışında da maraqlı mübarizənin yaşandığını bildirib. Onun sözlərinə görə, üçüncü yer uğrunda görüşdə “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısı Yaylagül Ramazanova ilə Svetlana Simonova qarşılaşıblar.

“Proqnozlara baxmayaraq, Svetlana Simonova qalib gəldi. “Shoot-off” zamanı hər iki idmançı eyni xal topladı. Buna görə hakimlər xüsusi ölçü cihazlarından istifadə edərək millimetrlik dəqiqliklə hesab apardılar və qalibi müəyyənləşdirdilər”.

Fərid Xəlilov çempionatın nəticələrinin milli komandanın gələcək heyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını da vurğulayıb.

“Bu yarış ümumi təqvim planının bir hissəsidir. Növbəti il üçün milli komanda məhz çempionatın nəticələri əsasında formalaşdırılacaq. Qarşıda bizi çox vacib və gərgin mərhələ gözləyir”.

Federasiya rəsmisi 2028-ci il Olimpiya Oyunlarına hazırlıq prosesinin artıq əsas prioritetlərdən birinə çevrildiyini bildirib.

“2028-ci il Olimpiya ili olduğu üçün lisenziya yarışlarının böyük hissəsi 2027-ci ildə və 2028-ci ilin əvvəlində keçiriləcək. Bu yarışlarda məhz indiki idmançılarımız lisenziya uğrunda mübarizə aparacaqlar. Məhəmmədəli Əliyev artıq Avropa Oyunlarına lisenziya qazanıb. Məqsədimiz növbəti yarışlarda lisenziyaların sayını artırmaq və qadın idmançılarımızdan ən azı birinin də təmsil olunmasını təmin etməkdir”.

Xəlilov Azərbaycanda beynəlxalq kamandan oxatma yarışlarının keçirilməsi ilə bağlı planların olduğunu da açıqlayıb.

Onun sözlərinə görə, Beynəlxalq Federasiyanın rəsmi yarışlarına ev sahibliyi üçün müraciət prosesi uzunmüddətli olduğu üçün əsas hədəf 2029-cu ilin əvvəlinə yönəlib.

“2029-cu ilin əvvəli üçün müraciət etməyi planlaşdırırıq və hazırda bunun üzərində işləyirik. Bununla yanaşı, Azərbaycanda ənənəvi xarakter daşıyacaq yeni beynəlxalq turnir təsis etmək istəyirik. Məqsədimiz 10-dan çox ölkənin iştirak edəcəyi və miqyası ildən-ilə genişlənəcək bir yarış təşkil etməkdir”.

İdman.Biz