Azərbaycanın qadın oxatanları Asiya Kubokunda qızıl medal qazandılar - FOTO

29 Oktyabr 2026 19:34
43
Azərbaycanın qadın oxatanları Asiya Kubokunda qızıl medal qazandılar

Azərbaycanın kamandan oxatma üzrə milli komandası İraqın Süleymaniyə şəhərində keçirilən Asiya Kubokunun ikinci mərhələsini iki medalla başa vurub.

İdman.Biz xəbər verir ki, Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət qadın yığmamız komanda yarışında qızıl medal qazanıb.

Azərbaycan təmsilçiləri finalda Qazaxıstan millisini 5:4 hesabı ilə məğlub edərək turnirin qalibi olublar.

Qarışıq komandaların mübarizəsində isə Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev gümüş medala sahib çıxıblar. Təmsilçilərimiz həlledici görüşdə İran yığmasına uduzaraq ikinci yeri tutublar.

Beləliklə, Azərbaycan millisi Asiya Kubokunun ikinci mərhələsini bir qızıl və bir gümüş medalla tamamlayıb.

Qeyd edək ki, oktyabrın 24-dən 29-dək keçirilən turnir Dünya Kamandan Oxatma Federasiyasının (World Archery) rəsmi təqviminə daxil olan reytinq yarışıdır.

İdman.Biz