Kamandan oxatma millisinin üzvü Yaylagül Ramazanova böyüklər arasında keçiriləcək Azərbaycan Superkubokunda birinci yeri tutmağı hədəfləyib.
İdmançı yeni yarış formatının əhəmiyyətini vurğulayıb.
“Mənim üçün bu, Azərbaycan kamandan oxatma tarixində çox maraqlı və əlamətdar bir yenilikdir. Düşünürəm ki, idmanda əsas məsələ qadın və ya kişi olmaq deyil, idmançının hazırlığı, təcrübəsi, diqqəti və özünə inamıdır. Əlbəttə, hər yarışın öz həyəcanı var, amma mən bu həyəcanı motivasiyaya çevirməyə çalışıram. Belə yarışlar qadın idmançıların potensialını göstərmək və kamandan oxatmanın ölkəmizdə daha da inkişafına töhfə vermək baxımından çox əhəmiyyətlidir”, - deyə o report.az-a açıqlamasında söyləyib.
İdmançı yarışa hazırlıq prosesindən söz açıb:
“Əsas diqqəti texnikamın təkmilləşdirilməsinə, fiziki hazırlığa və psixoloji sabitliyə yönəltmişəm. Kamandan oxatmada təkcə fiziki güc deyil, diqqət, səbir və hər atış zamanı düzgün qərar vermək də çox vacibdir. Məqsədim başqalarının nəticəsinə fokuslanmaq deyil, öz potensialımı maksimum göstərməkdir. Güclü rəqabət isə hər bir idmançının inkişafı üçün əlavə stimul yaradır”.
O, açıq havada keçiriləcək turnirin çətinliklərinə toxunub:
“Açıq havada, 70 metr məsafədə yarışmaq özünəməxsus çətinliklər yaradır. Xüsusilə küləyin istiqaməti və sürəti oxun uçuşuna və atışların dəqiqliyinə təsir edə bilər. Buna görə də belə yarışlarda texniki hazırlıqla yanaşı, şəraiti düzgün qiymətləndirmək və ona uyğunlaşmaq da vacibdir. Bu Superkubokda da məqsədim ən yaxşı nəticəmi göstərmək və qalib gəlməkdir. Eyni zamanda, belə yarışların gələcək nəsil idmançılar üçün motivasiya mənbəyinə çevrilməsini istəyirəm”.
Milli komandanın üzvü infrastrukturun təkmilləşdirilməsinin vacibliyini də diqqətə çatdırıb:
“İdmançılardan beynəlxalq arenada yüksək nəticələr gözləyiriksə, həmin nəticələri qazanmaq üçün onlara uyğun şərait də yaratmalıyq. İllərdir arzusunda olduğumuz müasir oxatma mərkəzinin fəaliyyətə başlaması bizim üçün ən böyük motivasiya mənbəyi olacaq. Hazırda yarışları Binə Atçılıq Mərkəzində böyük həvəslə keçiririk, lakin inanırıq ki, gələcəkdə məhz kamandan oxatma idmanı üzrə yeni mərkəzin istifadəyə verilməsi nəticələrimizi daha da yaxşılaşdırmağa imkan yaradacaq”.
Qeyd edək ki, oktyabrın 18-də Binə Atçılıq Mərkəzində böyüklər arasında Azərbaycan Superkuboku keçiriləcək. Azərbaycan kamandan oxatma tarixində ilk dəfə qadın və kişi idmançılar birgə yarışacaq. Açıq havada, 70 metr məsafədə baş tutacaq yarışda ölkənin ən reytinqli 8 oxatanı – kişilərdən Məhəmmədəli Əliyev, Sərdar Vəliyev, Hüseyn Məhərrəmov və Nurlan Rəhimli, qadınlardan isə Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva mübarizə aparacaqlar.
