Oxatanımız Yaylagül Ramazanova bu yaxınlarda İraqda keçirilən Asiya Kubokunda yığmamızın iki medal qazanmasını ölkəmizin beynəlxalq mövqeyinin güclənməsi və Azərbaycanda bu idman növünün gələcək inkişafı baxımından böyük addım hesab edir. Kamandan oxatma üzrə milli komandamızın lideri hər iki medalın qazanılmasına öz töhfəsini verib. O, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova ilə birgə komanda yarışında qızıl medal qazanıb. Qarışıq komandaların mübarizəsində isə Yaylagül Ramazanova ilə Məhəmmədəli Əliyev gümüş medala sahib olublar.
İdman.Biz-ə müsahibəsində Ramazanova Asiya Kubokundakı fərdi çıxışından, gənc oxatanlarımızdan, millimizdəki rəqabətindən və Olimpiya Oyunları ilə bağlı məqsədlərindən danışıb.
– Azərbaycan komandası Dünya Kamandan Oxatma Federasiyasının (World Archery) rəsmi qitə yarışında ilk dəfə qızıl medal qazandı. Bu qələbə sizin üçün və ölkədə kamandan oxatma idmanının inkişafı baxımından nə deməkdir?
– Bu qələbə mənim üçün çox böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan kamandan oxatma tarixində ilk dəfə belə bir nəticəyə imza atdıq. Bu, illər ərzində çəkilən zəhmətin, əzmkarlığın və inamın nəticəsidir. Düşünürəm ki, bu uğur Azərbaycan kamandan oxatmasının beynəlxalq arenada daha da tanınması baxımından mühüm addımdır. Komandamız yeni mərhələyə qədəm qoyub. Ən əsası, bu nəticə gənc idmançılarımıza da motivasiya verəcək və onlara daha böyük hədəflər qoymaq üçün stimul yaradacaq.

– Qadınlar arasında komanda yarışının finalında Qazaxıstan yığması ilə çox gərgin mübarizə apardız. Qarşılaşma nə dərəcədə çətin keçdi və qələbədən sonra hansı hissləri yaşadınız?
– Final həqiqətən də çox gərgin və məsuliyyətli keçdi. Qazaxıstan komandası güclü rəqib idi. Belə qarşılaşmalarda texniki hazırlıqla yanaşı, psixoloji dayanıqlıq da çox vacibdir. Biz yarış boyunca bir-birimizə dəstək olmağa, sakitliyimizi qorumağa və özümüzə inanmağa çalışdıq. Qələbə anında yaşadığım hissləri sözlə ifadə etmək çətindir. Bir idmançı olaraq tək məqsədim ölkəmizin bayrağını beynəlxalq arenada yüksəltmək idi.
– Siz həmçinin qarışıq komanda yarışında gümüş medal qazandınız. Sizcə, bu yarışda qızıl medal qazanmaq üçün nə çatışmadı?
– Əlbəttə, hər bir yarışa qızıl medal qazanmaq məqsədilə çıxırıq. Gümüş medal da bizim üçün çox yaxşı nəticədir. Yarış ərzində yaxşı mübarizə apardıq, lakin bəzi məqamlarda daha stabil çıxış edə bilərdik. Oxatma idmanında bəzən bir neçə xal, hətta bir oxun nəticəsi medalın rəngini müəyyən edir. Əsas odur ki, bu yarışdan da təcrübə qazandıq. Növbəti yarışlarda çatışmazlıqlarımız üzərində işləyərək daha yüksək nəticələr əldə etməyə çalışacağıq.

– Turnirdə iştirak edən azərbaycanlı idmançılar arasında ən təcrübəli oxatan idiniz. Gənc oxatanlarımızın səviyyəsini necə qiymətləndirirsiniz?
– Gənc idmançılarımızın inkişafını görmək məni çox sevindirir. Onların potensialı və öyrənmək istəyi var. Düşünürəm ki, düzgün hazırlıq, davamlı məşqlər və beynəlxalq yarış təcrübəsi ilə daha böyük nəticələr əldə edə bilərlər. Mənim üçün təcrübəmi gənc idmançılarla bölüşmək də çox önəmlidir. Çünki bu gün qazandığımız uğurlar sabah gələcək nəslin yolunu açmalıdır. İstəyirəm ki, bizdən sonra gələn idmançılar daha yaxşı şəraitdə hazırlaşsınlar və Azərbaycanı beynəlxalq arenada daha böyük uğurlarla təmsil etsinlər.
– Bəs fərdi yarışlar sizin üçün necə keçdi? Planlaşdırdıqlarınızı həyata keçirə bildinizmi?
– Asiya Kubokunda ilk dəfə iştirak edirdim və ümumilikdə çıxışımdan çox razı qaldım. Yarış zamanı şəxsi rekordumu yeniləyərək 650 xal topladım.Bu, mənim üçün çox sevindirici nəticədir. Azərbaycan rekordunu yeniləmiş oldum. Əlbəttə, hər bir yarışda daha yaxşı edə biləcəyim məqamlar olur. İdmançı heç vaxt əldə etdiyi nəticə ilə kifayətlənməməlidir. Hər yarış bizə həm uğurlarımızı, həm də üzərində işləməli olduğumuz məqamları göstərir. Əsas məqsədim bu nəticələri daha da yaxşılaşdırmaq və qarşıdakı beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməkdir.

– Fərdi yarışların 1/4 finalında sizi Fatimə Hüseynli mübarizədən kənarlaşdırdı. Turnirlərdə azərbaycanlı idmançılarla tez-tez qarşılaşırsınızmı?
– Bəli, bəzən beynəlxalq yarışlarda da öz komanda yoldaşlarımızla qarşılaşmalı oluruq. Əlbəttə, bu, psixoloji baxımdan asan deyil. Çünki biz gündəlik məşqlərdə birlikdə hazırlaşır, eyni məqsəd uğrunda çalışırıq. Amma yarış meydanında hər kəs öz nəticəsi üçün mübarizə aparır. Mən onun uğuruna sevinirəm və ona gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayıram.
Düşünürəm ki, komandamızda rəqabətin olması çox vacibdir. Sağlam rəqabət idmançıların inkişafına və ümumi səviyyənin yüksəlməsinə kömək edir. Əsas odur ki, yarışdan sonra da bir-birimizə dəstək olmağı bacaraq.

– Düz başa düşürəmsə, siz və Fatimə Hüseynli 2028-ci il Olimpiya Oyunlarına lisenziya uğrunda təsnifat mərhələsində iştirak etmək üçün tələb olunan normativi yerinə yetirmisiniz. Olimpiya seçmə mərhələsi nə dərəcədə çətin olacaq və yığmamızın lisenziya qazanmaq şanslarını necə qiymətləndirirsiniz?
– Bəli, qaydalar ildən ilə dəyişilir, hal hazırda Olimpia oyunlarına lisenziya qazanmaq üçün 620 xal toplamaq və təsnifat oyunlarında final mərhələlərinə keçmək lazımdır. Mən Azərbaycan yığmasının şanslarını müsbət qiymətləndirirəm. Əgər düzgün hazırlıq, lazımi şərait və dəstək olarsa, Olimpiya lisenziyası qazanmaq üçün real imkanlarımız var.
Mən artıq Paris 2024 Olimpiya Oyunlarında iştirak etmişəm və Olimpiya atmosferini yaşamışam. Təbii ki, növbəti məqsədim yenidən Olimpiadada iştirak etmək və daha yüksək nəticə göstərməkdir. İnanıram ki, birlikdə daha böyük uğurlara imza ata bilərik. Bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, texniki ustamıza, məşqçimizə, federasiyamıza və ailəmə təşəkkür edirəm. Bu yolda bizə inandılar.
