Azərbaycanın kamandan oxatma millisi oktyabrın 24-29-u aralığında İraqın Süleymaniyyə şəhərində keçiriləcək “Asiya Kubokunun ikinci mərhələsi - dünya reytinq turniri”ndə iştirak edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda beş idmançımız mübarizə aparacaq.
Turnirdə Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva qatılacaq.
İdmançılar açıq havada, 70 metr məsafədə recurve (klassik yay) növü üzrə fərdi, komanda və qarışıq komanda yarışlarında mübarizə aparacaqlar. Komandaya baş məşqçi Natiq Fazilov və məşqçi Roman Venqerov rəhbərlik edəcəklər.
Qeyd edək ki, dünya reytinq turniri idmançılar üçün beynəlxalq rəqabət şəraitində çıxış etmək, təcrübə qazanmaq və reytinq xallarını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
