Beynəlxalq Oxatma Federasiyası rusiyalı idmançılara tətbiq olunan məhdudiyyətləri ləğv etdi

15 Avqust 2026 14:58
128
Beynəlxalq Oxatma Federasiyası rusiyalı idmançılara tətbiq olunan məhdudiyyətləri ləğv etdi

Beynəlxalq Oxatma Federasiyası (World Archery) rusiyalı idmançılar və rəsmilərlə bağlı tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.

İdman.Biz xəbər verir ki, qərar avqustun 14-də təşkilatın İcraiyyə Şurasının onlayn iclasında qəbul edilib.

Bu addım Beynəlxalq Olimpiya Komitəsinin (IOC) iyul ayında əvvəlki məhdudiyyətləri ləğv etməsindən sonra atılıb.

Bununla da Rusiya təmsilçiləri “World Archery”nin himayəsi altında keçirilən yarışlarda, o cümlədən dünya çempionatları və Dünya Kuboklarında milli bayraq və himn altında çıxış edə biləcəklər.

Federasiyadan bildirilib ki, rusiyalıların yarışlara buraxılması təşkilatın ümumi qaydaları, antidopinq tələbləri və turnirlərə ev sahibliyi edən ölkələrin viza şərtləri ilə tənzimlənəcək.

Qeyd olunub ki, qərar yalnız “World Archery”nin birbaşa idarə etdiyi yarışlara aiddir. Avropa Oxatma Federasiyasının (“World Archery Europe”) himayəsində keçirilən turnirlərdə rusiyalıların iştirakı məsələsi isə hələ müzakirə olunur.

Bildirək ki, 2026-cı ilin iyuluna qədər olimpiya idman növlərində fəaliyyət göstərən 10 beynəlxalq federasiya rusiyalı idmançılara tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb. Bir sıra digər federasiyalar isə Rusiya təmsilçilərinin yarışlarda neytral statusda iştirakına icazə verib.

Hazırda futbol, xokkey, basketbol, biatlon, atletika, sörfinq və reqbidə rusiyalı idmançılara tətbiq olunan məhdudiyyətlər qüvvədə qalır.

İdman.Biz