Rafiq Hüseynov: “Taktikam uğurlu oldu” - MÜSAHİBƏ

Xəbərlər
9 May 2024 21:39
291
Rafiq Hüseynov: “Taktikam uğurlu oldu” - MÜSAHİBƏ

İstanbulda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan yunan-Roma güləşçimiz Rafiq Hüseynov (87 kq) Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, titullu pəhləvan Fransa paytaxtına vəsiqə əldə etməsini dəyərləndirib, ikinci dəfə qatılacağı Olimpiadada gözləntilərini açıqlayıb.

- Dünya Olimpiya Təsnifat Turnirində yeni çəkidə çıxış etdin. Çətin olmadı?

- 87 kq digər çəkilərdən fərqlənir, buna görə də, mənim üçün çətin oldu. Nəticədə Bakıdakı lisenziya turnirini buraxmalı olmuşdum. Buna baxmayaraq, yoxlama yarışlarında öz sözümü deyib, bu turnirdə iştirak etmək şansı qazandım. Uğurlu çıxış edib, Olimpiadaya vəsiqə əldə etdim. Bu tək mənim qələbəm deyil, həm də Azərbaycan Güləş Federasiyasının qələbəsidir.

- 1/8 finalda hindistanlı Kumar Sunil üzərində son saniyədə qələbə qazandın. Hətta Dünya Güləş Birliyi bununla bağlı paylaşım etdi. Həmin anları necə xatırlayırsan?

- Həmişə güləşəndə görüşün 6 dəqiqə olduğunu düşünürəm. Hesabda geri düşsəm də, bu, məğlub olmağım deyil deyə fikirləşirəm. Təcrübəm sayəsində görüşün hansı şəkildə getdiyini hiss edirəm. Bəzən vəziyyəti dəyişməyin çətinliyini, bəzən də şans olduğunu özlüyündə dərk edirsən. Bir neçə dəfə buna şahid olmuşuq. Elə dünya çempionatında belə hadisə yaşanmışdı. Bu dəfə hindistanlı rəqibimin ayaq üstündə dura bilmədiyini görürdüm və qələbə qazanacağımı hiss etdirdim. Bütün görüşləri uğurla başa vurub, lisenziya əldə etdim.

- Yarımfinaldakı rəqibin tanış idi. Nursultandakı dünya çempionatında uduzduğun Laşa Qobadzedən (Gürcüstan) revanş ala bildin. Hansı taktikanı seçmişdin?

- Mən adətən ikinci parteri götürməyə üstünlük verirəm. Bu taktika mənə daha uyğundur. Buna baxmayaraq, görüşdən əvvəl şəxsi məşqçim olan atamla məsləhətləşdim. Belə qərara gəldik ki, rəqib güləşçi yorulmayan vəziyyətdə parter vəziyyətini seçim. Çünki rəqib yorğun olmadığı zaman xallar qazana bilərdi, sonra bunun əvəzini çıxmaq çətinlik yaradardı. İlk parteri özüm götürüb, daha çox xal əldə etməyə çalışdım. Hətta görüş zamanı rəqibin bədəninə çox yağ sürtdüyü aşkar görünürdü və bu, mənə fənd işlətməkdə çətinlik yaradırdı. Buna baxmayaraq, taktikam uğurlu oldu və ikinci parter zamanı o, fənd işlədə bilmədi.

- Olimpiadaya az vaxt qalıb. Hazırlıq planı necə olacaq, hədəf nədir?

- Hazırda heç bir şey haqqında düşünmürəm. Bugünki uğurumu yaxınlarımla bölüşürəm. Hazırlıq planı sonra hazırlanacaq. Buna məşqçilər qərar verəcək. Qarşıda bizi Bakıda təşkil olunacaq gənclər arasında Avropa çempionatı gözləyir. Düşünürəm, bu yarışdan sonra təlim-məşq toplanışına start veriləcək. Ümid edirəm ki, bu mənim karyeramın son yarışı olacaq.

İdman.biz