27 iyul – 2 avqust tarixlərində Bakıda güləş üzrə U17 dünya çempionatı keçiriləcək.
İdman.Biz Azərbaycan Güləş Federasiyasına istinadən bildirir ki, Milli Gimnastika Arenasında təşkil ediləcək mötəbər yarışa böyük maraq var.
Belə ki, hazırda dünyanın müxtəlif ölkələrindən 650-dən artıq idmançının adı qeydiyyatdan keçirilib. Ümumilikdə mundialla bağlı ölkəmizə 1000-dən artıq qonağın gəlişi gözlənilir.
Çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə qarşılaşmalar keçiriləcək. Ardınca qadın güləşçilər mübarizəyə qoşulacaq. Yarışın son günlərində isə sərbəst güləş üzrə qaliblər müəyyənləşəcək.
Görüşlər hər gün 10:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 18:00-da start götürəcək. Çempionatın təntənəli açılış mərasimi 27 iyul saat 17:15-də baş tutacaq.

