“Çimərlikdə istirahət edənlərdən güləşçilərimizə dəstək gözləyirik” - AGF-dən İDMAN.BİZ-ə AÇIQLAMA - FOTO

18 Avqust 2026 16:49
126
“Çimərlikdə istirahət edənlərdən güləşçilərimizə dəstək gözləyirik” - AGF-dən İDMAN.BİZ-ə AÇIQLAMA

“Artıq bir aydır ki, Bakıda təşkil ediləcək çimərlik güləşi üzrə U17 dünya çempionatının və Dünya Seriyasının IV mərhələsinin hazırlıq prosesinə start vermişik. Güləşçilərimiz məşqlərini Avropa Oyunları Parkının qum meydançasında keçirlər”.

Bu sözləri 27-29 avqust tarixlərində ökəmizdə ilk dəfə təşkil ediləcək çimərlik güləşi üzrə U17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsinə hazırlıq prosesini dəyərləndirən Azərbaycan Güləş Federasiyasının(AGF) mətbuat xidmətinin rəhbəri Sərxan Musalı İdman.Biz-ə açıqlamasında deyib.

Sərxan Musalı bildirib ki, məşq prosesinə başqa ölkələri təmsil edən çimərlik güləşçiləri də qoşulublar. Məqsəd təlim-məşq prosesinin keyfiyyətini daha da artırmaqdı.

AGF rəsmisi yarışda Azərbaycan güləşçilərinin əsas rəqiblərini də sadalayıb.

“Çimərlik güləşində təcrübəsi olan və beynəlxalq yarışlarda iştirakçı sayının çoxluğu ilə təmsil olunan ölkələr arasında Gürcüstan, Rumıniya, Ukrayna, İranın adını çəkə bilərik. Həmçinin ABŞ-ni də siyahdan silmək olmaz. Qadın güləşçiləri arasında isə Yaponiyanı favorit göstərə bilərik”.

Tamaşaçı dəstəyinə gəlincə, Sərxan Musalı vurğuladı ki, ölkə xaricindən azarkeş axını gözlənilməsə də, yarışın keçirildiyi “Sea Breeze” istirahət mərkəzində dincələn şəxslərin yarışa maraq göstərərək idmançılarımaza dəstək olacaqları proqnoz olunur.

Məlumat üçün əlavə edək ki, 27-29 avqust tarixlərində ökəmizdə ilk dəfə çimərlik güləşi üzrə U17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək. Yarış “Sea Breeze” istirahət mərkəzində təşkil ediləcək.

Ümumilikdə 34 ölkədən 200-dən artıq idmançı Xəzər dənizinin sahilində uğur qazanmağa çalışacaq.

İdman.Biz