Milli güləşçimizi Hindistan 100 min manatdan baha qiymətə transfer etmək istəyir

26 Noyabr 2026 17:07
45
Milli güləşçimizi Hindistan 100 min manatdan baha qiymətə transfer etmək istəyir

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Hindistanın Peşəkar Güləş Liqasının (PWL) altıncı mövsümü öncəsi klubların əsas transfer hədəflərindən birinə çevrilib.

İdman.Biz xəbər verir ki, 30 noyabrda Mumbay şəhərində keçiriləcək transfer hərracı toplantısı öncəsi Hindistanda böyük maraq doğura biləcək altı əcnəbi güləşçinin çıxışı təhlil edilib.

Azərbaycan təmsilçisi Giorgi Meşvildişvili də təhlil edilən cəlbedici namizədlərdən biridir.

Əsas diqqət Meşvildişvilinin 125 kq çəki dərəcəsindəki uğurlarına yönləndirilib və yüksək məbləğ qarşılığında komandalarından birinə cəlb olunması ehtimalından danışılıb.

Azərbaycan güləşçisinin təhlil olunan 12 görüşündə 71 xal qazandığı, rəqiblərinə isə cəmi 32 xal verdiyi vurğulanır.

Müqayisə üçün qeyd olunur ki, ötən mövsüm polşalı Robert Baran 5,5 milyon Hindistan rupisi (101 min AZN) qarşılığında komandaların birinə cəlb edilib. Meşvildişvili isə 2025-ci il dünya çempionatının yarımfinalında həmin güləşçiyə qalib gəlib. Məhz bunu nəzərə alaraq millimizin güləşçisinin transfer dəyərinin 100 mindən yuxarı olduğu vurğulanıb.

Azərbaycan təmsilçisinin beynəlxalq arenadakı uğurlu nəticələri, məxsusən son iki Avropa Çempionatında qızıl medal qazanması onun hərracdakı dəyərinə müsbət təsir göstərə bilər.

Qeyd edək ki, 34 yaşlı Meşvildişvili 2023-cü ildən Azərbaycanı təmsil edir. Gürcüstan əsilli idmançı millimizin heyətində iştirak etdiyi dörd Avropa çempionatının hamısında fəxri kürsüyə yüksəlib. O, 2023 və 2024-cü illərdə bürünc, 2025 və 2026-cı illərdə isə qızıl medal qazanıb.

Təcrübəli güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarının və 2025-ci il İslam Həmrəyliyi Oyunlarının bürünc, 2025-ci il dünya çempionatının gümüş və 2026-cı il dünya çempionatının bürünc medalçısıdır.

Hindistan liqasında 125 kq çəki dərəcəsinin ən bahalı kişi kateqoriyası hesab olunması və komandalarda əcnəbi güləşçilər üçün yerlərin məhdudluğu yuxarıda qeyd edilən göstəricilərə görə Azərbaycan təmsilçisi uğrunda ciddi rəqabətin yaranmasına səbəb ola bilər.

Yeri gəlmişkən, Hindistanın Peşəkar Güləş Liqasında Azərbaycan idmançılarının iştirakı yeni hadisə deyil. 2017-ci il mövsümü öncəsi Mariya Stadnik (69 min dollar – 117 min AZN), Cəbrayıl Həsənov (63 min dollar – 107 min AZN) və Toğrul Əsgərov (52 min dollar – 88.5 min AZN) üçün Hindistan klubları ümumilikdə 184 min dollar (312,5 min manat) ödəyiblər. Sonrakı illərdə Hacı Əliyev, Aslanbəy Alborov, Elis Manolova və Tatyana Omelçenko da bu liqaya cəlb olunublar.

Bu ilin əvvəlində isə Azərbaycan güləşçiləri Hindistan liqasının əsas qəhrəmanları sırasında yer alıblar. Əşrəf Aşırovun təmsil etdiyi “Haryana Thunders” çempion olub, “Delhi Dangal Warriors”un heyətində çıxış edən Turan Bayramov isə keçirdiyi yeddi görüşün hamısında qalib gələrək turnirin ən yaxşı güləşçisi seçilib.

Hindistan Peşəkar Güləş Liqasının yeni mövsümü 2027-ci il yanvarın 3-də Yeni Dehlidə başlayacaq.

İdman.Biz