Oyan Nəzəriani: "Çimərlik güləşi ölkəmizdə getdikcə kütləviləşir"

17 Avqust 2026 19:03
104
Oyan Nəzəriani: "Çimərlik güləşi ölkəmizdə getdikcə kütləviləşir"

Avqustun 27-dən 29-dək "Sea Breeze" istirahət mərkəzində çimərlik güləşi üzrə iki mötəbər beynəlxalq yarış keçiriləcək.

İdman.Biz xəbər verir ki, avqustun 27-də yeniyetmələr arasında dünya çempionatı baş tutacaq, 28-29 avqustda isə böyüklər Dünya Seriyasının dördüncü mərhələsində mübarizə aparacaqlar.

Azərbaycan millisi qarşıdakı yarışlara gündəlik məşqlərlə hazırlığını davam etdirir. Milli komandanın baş məşqçisi Oyan Nəzəriani hazırlıq prosesi və turnirlərlə bağlı gözləntilərindən danışıb.

Onun sözlərinə görə, Dünya Seriyasının üçüncü mərhələsindən sonra komandanın hazırlığı intensiv rejimdə davam etdirilib.

"Sonuncu Dünya Seriyasından sonra hazırlığımızı intensiv şəkildə davam etdiririk. Avqustun 16-da sonuncu təlim-məşq toplanışımıza start vermişik. Qeyd etmək istəyirəm ki, bu, çimərlik güləşində bir ilk olacaq. Digər təlim-məşq toplanışlarından fərqli olaraq, bu dəfə hazırlıq prosesində yerli idmançılarla yanaşı, xarici güləşçilər də iştirak edəcəklər. Toplanış yarış gününə qədər davam edəcək və burada 6-dan çox ölkədən idmançılar yer alacaq. Ümid edirik ki, bu hazırlıq bizim üçün faydalı və məhsuldar olacaq", - deyə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti baş məşqçinin sözlərini sitat gətirib.

Mütəxəssis Azərbaycan millisinin qarşıdakı yarışlar üçün heyətinin artıq müəyyənləşdiyini bildirib.

"Bəli, heyətimiz artıq müəyyənləşib. Heyətin formalaşdırılmasında ölkə çempionatının nəticələri, təlim-məşq toplanışları zamanı idmançıların ümumi hazırlıq səviyyəsi, eləcə də yoxlama görüşlərindəki çıxışları nəzərə alınıb. Çalışmışıq ki, yarış üçün ən güclü və ən layiqli idmançıları seçək. Təbii ki, heyətə düşə bilməyən güləşçilərimiz də digərlərindən heç də geri qalmırlar. Sadəcə, hər yarışın öz prioritetləri var. Hazırkı mərhələdə daha hazırlıqlı və daha güclü olan idmançılara üstünlük verməyə çalışmışıq", - deyə baş məşqçi qeyd edib.

Nəzəriani yarışların Bakıda keçirilməsinin idmançıların üzərinə qoyduğu əlavə məsuliyyətlə bağlı da fikirlərini bölüşüb.

"Qeyd etdiyiniz kimi, yarış doğma Bakıda keçiriləcək. Ölkəmizin bu yarışa ev sahibliyi etməsi çimərlik güləşi baxımından bizim üçün bir ilkdir. Bu səbəbdən tədbir həm təşkilati baxımdan, həm də güləşçilərin fiziki və psixoloji hazırlığı baxımından mühüm sınaq olacaq. Azərbaycan çimərlik güləşi üzrə dünyada qabaqcıl ölkələrdən biri sayılır. Demək olar ki, hər il yaxşı nəticələr əldə edirik. İnanırıq ki, bu yarışda da güləşçilərimiz uğurlu çıxış edəcəklər. Əsas məqsədimiz yüksək hazırlıq səviyyəmizə və özümüzə olan inamımıza söykənərək "doğma divarlar" arasında yaxşı nəticələr qazanmaqdır. İdmançılarımızla bu istiqamətdə söhbətlər aparır, onların yarışa həm fiziki, həm də psixoloji baxımdan tam hazır olmalarına çalışırıq", - deyə o vurğulayıb.

Mütəxəssisin fikrincə, belə mötəbər yarışların Azərbaycanda keçirilməsi ölkədə çimərlik güləşinin inkişafına əlavə təkan verəcək.

"Yarışın ölkəmizdə keçirilməsi çimərlik güləşinin inkişafına və kütləviləşməsinə mühüm töhfə verəcək. Artıq günü-gündən bu güləş növünə marağın artdığını görürük. Həm valideynlər, həm klublarda, həm də bölgələrdə fəaliyyət göstərən məşqçilər çimərlik güləşinin qaydaları və məşq sistemi ilə maraqlanırlar. Bu da onu göstərir ki, çimərlik güləşi ölkəmizdə getdikcə kütləviləşir. Əminik ki, belə mötəbər yarışın Azərbaycanda keçirilməsi bu növün inkişafına və daha çox insanın çimərlik güləşinə maraq göstərməsinə xüsusi təkan verəcək", - deyə Nəzəriani bildirib.

Baş məşqçi Bakıda keçiriləcək yarışlarda dörd qitədən idmançıların iştirak edəcəyini qeyd edib. Bununla belə, o, Azərbaycan millisinin rəqibləri arasında konkret olaraq hansısa ölkəni və ya idmançını fərqləndirmək istəməyib.

"Bu yarışda 4 qitədən idmançılar iştirak edəcək və kifayət qədər güclü ölkələrin nümayəndələri mübarizə aparacaqlar. Lakin konkret olaraq hansısa ölkənin və ya idmançının adını çəkmək istəmirəm. Bizim komandanın fəlsəfəsi ondan ibarətdir ki, istənilən rəqibə qarşı ciddi hazırlaşırıq və hər bir rəqibə eyni dərəcədə hörmətlə yanaşırıq. Bizim üçün qarşıdakı ilk rəqib ən ciddi rəqibdir. Buna görə də hər görüşə maksimum konsentrasiya ilə yanaşacağıq", - deyə mütəxəssis əlavə edib.

Sonda Nəzəriani azərbaycanlı azarkeşlərə müraciət edərək onları doğma meydanda milli komandaya dəstək olmağa çağırıb.

"Azarkeşlərimizdən bizi bu yarışda tək qoymamalarını xahiş edirəm. Doğma Bakıda, öz tamaşaçılarımızın qarşısında mübarizə aparmaq bizim üçün böyük motivasiyadır. Onların tribunadakı dəstəyi güləşçilərimizə əlavə güc və inam verəcək. İnanıram ki, birlikdə gözəl nəticələr qazana bilərik. Bütün azarkeşlərimizi yarışa dəvət edir və milli komandamıza dəstək olmağa çağırıram. İnşallah, onların qarşısında layiqli çıxış edib Azərbaycanımızı sevindirəcəyik", - deyə o fikrini yekunlaşdırıb.

İdman.Biz