Bakıda 20 ölkədən gənc güləşçilər bir araya gəldi - FOTO

11 Avqust 2026 13:13
125
Bakıda 20 ölkədən gənc güləşçilər bir araya gəldi - FOTO

Bakıda “More than medals” layihəsinin 10 illik yubileyi münasibətilə beynəlxalq təlim-məşq toplanışı təşkil olunub.

İdman.Biz xəbər verir ki, tədbirdə 20 ölkədən 100-ə yaxın yeniyetmə güləşçi və nümayəndə iştirak edib.

Beynəlxalq Olimpiya Komitəsi, Dünya Güləş Birliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkil etdiyi toplanışın əsas hissəsi Milli Gimnastika Arenasında və Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında baş tutub.

Gənc güləşçilər burada birgə hazırlıq prosesinə qoşulub, müxtəlif məşqlər vasitəsilə bacarıqlarını təkmilləşdiriblər. Layihənin məqsədi yalnız idman hazırlığını gücləndirmək deyil, eyni zamanda yeniyetmələrin sosial və şəxsi inkişafına dəstək vermək, müxtəlif ölkələrdən olan həmyaşıdlar arasında dostluq əlaqələrinin qurulmasına şərait yaratmaqdır.

Proqram çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin mütəxəssisləri tərəfindən anti-dopinq seminarı da keçirilib. İştirakçılara təmiz idmanın prinsipləri, antidopinq qaydaları və idmançı məsuliyyəti barədə məlumat verilib.

Toplanışın daha fərqli hissələrindən biri isə çimərlik güləşi məşqi olub. İştirakçılar dəniz kənarında hazırlıq keçib, bununla yanaşı Bakının görməli yerlərini ziyarət edib və müxtəlif sosial fəaliyyətlərə qatılıblar.

“More than medals” layihəsi gənc güləşçilərin idmandan kənar bacarıqlarının inkişafına, müxtəlif mədəniyyətlərdən olan idmançılar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsinə xidmət edir.

İdman.Biz