Olimpiyaçımız: “Onu hər kəs məndən güclü hesab edirdi” - VİDEO

Müsahibə
14 Aprel 2024 10:33
1 576
Olimpiyaçımız: “Onu hər kəs məndən güclü hesab edirdi” - VİDEO

“Ayağım düşərli oldu. İlk lisenziyanı qazandıqdan sonra komandada əhval-ruhiyyə daha da artdı”.

Bunu “İdman Bizdə” verlişinin qonağı olan Azərbaycan millisinin sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) deyib.

25 yaşlı idmançı Bakıda Avropa Olimpiya Təsnifat Turnirində qazandığı lisenziyanı şərh edib. O bildirib ki, güclü olduğunu bir daha hər kəsə sübut edib: “Doğma divarlar arasında güləşmək çox gözəl hissdir. İnsana fərqli motivasiya verir. Öz ölkəndə rahat olursan. Bu hissləri heç bir sözlə ifadə etmək olmaz. Məndən sonra Hacı Əliyev güləşirdi. Onun görüşünü tribunada azarkeşlər arasında izlədim və onların necə hisslər keçirdiyini də gördüm”.

Rzazadənin sözlərinə görə, qrupumun çətin olacağını yarışdan əvvəl hiss etsə də, istəyinə çatıb: “Türkiyəli Süleyman Atlını hər kəs məndən güclü hesab edirdi. Avropa çempionatında finala yüksələndə yazırdılar ki, artıq finala yüksəlməsi böyük uğurdu. Yəqin ki, Atlıya məğlub olacaq. Mən onu məğlub edəndən sonra da deyirdilər ki, Əliabbasın bəxti gətirdi. Amma Bakıda Süleymana 2-ci dəfə qalib gəlməklə sübut etdim ki, bəxt amili yoxdur, mən ondan güclüyəm. Vladimir Eqorova gəldikdə, bundan əvvəl məni ona uduzdurmuşdular. Həmin hakimləri də güləşdən uzaqlaşdırdılar. Arzuma çatdım və Bakıda ona qalib gəldim”.

Rzazadə güclü rəqiblərini Paris-2024-də görmək istədiyini də vurğulayıb: “Kim çox əziyyət çəkibsə, Dünya Təsnifat Turnirində onun lisenziya qazanmasını istəyərəm. Öz rəqiblərimin hər biri barəsində yüksək fikirdəyəm. Onlar o yerlərə gəliblərsə, zəif deyillər. Yeqorov da Avropa çempionudur və onun lisenziya almaq şansı digərlərinə nisbətən daha çoxdur”.

Qeyd edək ki, Rzazadə yarımfinalda Vladimir Yeqorovu (Şimalı Makedoniya) 4:3 hesabı ilə məğlub edərək Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.

Emin Ağa
İdman.biz