Hacı Əliyev: “Bakıdakı dünya çempionatında iki-üç qızıl medal qazana bilərik”

30 İyun 2026 15:18
95
Hacı Əliyev: “Bakıdakı dünya çempionatında iki-üç qızıl medal qazana bilərik”

“Yarış çox çətin keçəcək, amma düşünürəm ki, iki-üç qızıl medal qazana, digər əyarlı mükafatların da sayını artıra bilərik”.

Bu sözləri Azərbaycanın sərbəst güləş üzrə U-17 millisinin böyük məşqçisi Hacı Əliyev Bakıda bu yaş kateqoriyası üzrə keçiriləcək dünya çempionatı barədə danışarkən deyib.

İkiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu yarışın həm Azərbaycan, həm də dünya güləşi üçün əlamətdar olacağını vurğulayıb.

“U-17 dünya çempionatı çox mötəbər və maraqlı yarış olacaq. Güləş həm ölkəmizdə, həm də dünyada ən çox sevilən idman növlərindən biridir. Yaxın zamanda milli komandaya böyük məşqçi təyin olunmuşam və bu, mənim üçün böyük məsuliyyətdir. Cəmi iki-üç aydır komanda ilə birlikdəyik. Komanda mənə qədər də hazır idi, lakin birlikdə yeni taktika və yanaşmalar üzərində işləyirik. İnanıram ki, dünya çempionatında uğurlu çıxış edəcəyik”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Mütəxəssis hazırlıq prosesinin plan üzrə davam etdiyini də diqqətə çatdırıb:

“Artıq bir təlim-məşq toplanışını başa vurmuşuq, bir neçə gündən sonra isə növbəti hazırlıq mərhələsinə başlayacağıq. Əlimdən gələni edirəm ki, Azərbaycan güləşi və idmanı hər zaman ön sıralarda olsun. Hesab edirəm ki, bütün çempionların borcudur ki, karyeralarını başa vurduqdan sonra da idmana xidmət etsinlər, yeni idmançılar yetişdirsinlər və bu sahəyə dəstək versinlər. Biz birlikdə çalışdıqca gəncliyimizin gələcəyi də daha sağlam olacaq”.

Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən Olimpiya Gününə həsr olunmuş tədbirdən də danışan Hacı Əliyev bildirib ki, bu cür görüşlər gənc nəslin idmana marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır:

“Belə tədbirlərin keçirilməsi gənclərimiz üçün çox gözəl hadisədir. Olimpiya çempionlarımızı tanımaq gənclərimizin və yeniyetmələrimizin borcudur. Olimpiya Oyunlarının medalı çox dəyərlidir və hər idmançıya bu uğuru qazanmaq nəsib olmur. İllər keçəcək, bəlkə də bizi gələcək nəsillər tanımayacaq. Amma belə görüşlər sayəsində yeni yetişən idmançılar Olimpiya çempionlarını yaxından tanıyır, onların uğurlarından ilham alırlar. Bu gün burada çoxlu sayda yeniyetmə və gənc var. Onlar çempionlarla görüşür, şəkil çəkdirirlər. Bu, böyük motivasiyadır. Gənclərimiz məhz belə mühitdə böyüməli, pis vərdişlərdən uzaq olmalıdırlar. Ümid edirəm ki, gələcəkdə idmana maraq göstərən, çempionlarla görüşmək istəyən gənclərin sayı daha da artacaq”.

Xatırladaq ki, U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz