“Bakıda keçiriləcək U-17 dünya çempionatı güləş ictimaiyyətinin diqqət mərkəzində olacaq. Bu yarış gələcəyin istedadlı idmançılarının üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıyır”.
Bu sözləri Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev deyib.
O bildirib ki, U-17 dünya çempionatı güləş üçün ən önəmli yarışlardan biri hesab olunur.
“Bu yaş qrupu artıq gələcəyin istedadlı idmançılarının seçilməyə başlandığı dövrdür. Məhz buna görə də güləş və idman ictimaiyyətinin diqqəti bu çempionatın üzərində olur. Burada gələcəyin ulduzlarını görmək və onların potensialını qiymətləndirmək mümkündür”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Baş katib yarışın Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Azərbaycan güləş ölkəsidir və bu idman növü milli kimliyimizin ayrılmaz hissəsidir. Belə mötəbər yarışa ev sahibliyi etmək həm dövlətin idman siyasətinin həyata keçirilməsi, həm də ölkəmizin beynəlxalq aləmdə tanıdılması baxımından mühüm hadisədir”.
P.Piriyevin sözlərinə görə, mundial həm də gənc məşqçilərin özlərini göstərməsi üçün yaxşı fürsətdir:
“Biz bu komandada istedadlı gənc məşqçilərə şans vermişik. Qadın güləşi üzrə Mariya Stadnik, sərbəst güləş üzrə Hacı Əliyev, yunan-Roma güləşi üzrə isə Rafiq Hüseynov kimi yüksək titullu idmançılarımız artıq məşqçi kimi fəaliyyət göstərirlər. Bu, onların məşqçi kimi ilk dünya çempionatı olacaq və həmin yarış onlar üçün ciddi sınaq xarakteri daşıyacaq. Onların bu vəzifədə özlərini necə göstərəcəkləri bizim üçün də böyük maraq doğurur”.
AGF rəsmisi vurğulayıb ki, yeniyetmələr arasında nəticələr vacib olsa da, əsas məqsəd gələcək üçün güclü idmançılar yetişdirməkdir:
“İstənilən idman növündə nəticə hər zaman mühüm əhəmiyyət daşıyır. Bu, idmanın təbiətidir. Lakin prioritet istedadlı güləşçiləri böyüklərdən ibarət milli komandaya qazandırmaq, onların həm fiziki, həm də psixoloji cəhətdən sağlam şəkildə həmin mərhələyə çatmasını təmin etməkdir. Bununla yanaşı, onların texniki və fiziki hazırlığını beynəlxalq rəqabət şəraitində sınaqdan keçirmək, rəqiblərlə müqayisədə zəif tərəflərini müəyyənləşdirmək və gələcəkdə daha böyük yarışlara hazırlamaq da əsas hədəflərimizdən biridir”.
Xatırladaq ki, U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.
