“İdmanda bəzən belə şeylər olur”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq güləşçisi Rəsul Çunayev deyib.
O, Bakıda keçirilən Avropa Olimpiya Turnirində yunan-Roma yığmasının çıxışını və qadınlardan ibarət yığmanın zəif nəticəsini şərh edib. Dünya çempionu və Avropa Oyunlarının qalibi bildirib ki, növbəti turnirdə idmançılarımız özlərini toparlayıb, lisenziya əldə edə bilərlər: “Hər idmançı doğma divarlar arasında güləşə bilmir. Stress, həyəcan və s. kimi amillərə onlara çox böyük təsir edir. Ona görə də bu turnirə psixoloji olaraq hazır deyildilər. Bu səbəbdən də öz səhvlərinə görə uduzdular. Psixologiyalarına qalib gələ bilmədilər. Amma hər şeyə rəğmən onlar güclüdürlər. İnanıram ki, gələn yarışlarda özlərini doğruldacaqlar. Əsas odur ki, həvəsdən düşməsinlər”.
O, bu gün Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayacaq sərbəst güləşçilərin hər birindən lisenziya gözlədiyini deyib: “Hər idmançı Parisə getmək üçün can atır. Mən Olimpiya mükafatı qazanıb, bütün bu yollardan keçmişəm. Həmin anda ən gözəl strategiya psixoloji hazırlıqdır. Belədə nəticə olur. Bakıda isə keçirilən turnirdə çox sürpriz dolu anlara şahid olduq. Elə güləşçilər oldu ki, bizim favoritlərə belə qalib gəldilər. Heç kim bunu gözləmirdi”.
Mariya Stadnikin (50 kq) Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirdəki yarımfinal görüşünü dəyərləndirən Çunayev bildirib ki, hər birimiz onu qalib hesab edirdik: “Amma son saniyələr hər şeyi həll etdi. Bir anlıq boşluq nəticəsində belə bir hal oldu. Çox təəssüflər olsun. Əminəm ki, Mariya növbəti turnirdə öz səhvin düzəldib, lisenziya qazanacaq və Olimpiyada da çempion adına layiq görüləcək.
Mayın 9-12-də İstanbulda baş tutacaq Dünya Olimpiya Təsnifat Turniri barədə də danışan veteran güləşçi bu yarışın daha çətin keçəcəyini bildirib: “Son yarışa bütün güləşçilər alovlu şəkildə gələcəklər ki, lisenziya qazansınlar”.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının hesabında hələlik 2 lisenziya var.
Banuçiçək Hüseynli
İdman.biz