Avropa çempionatı: Maqomedxan finalda, İslam və Əli bürünc uğrunda yarışacaq

Xəbərlər
16 Fevral 2024 19:43
302
Avropa çempionatı: Maqomedxan finalda, İslam və Əli bürünc uğrunda yarışacaq

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışlara start verilib.

57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində güləşən idmançılar xalça üzərinə çıxıblar. Azərbaycan millisinin 5 üzvü də yarışa qoşulub. Onlardan biri finala yüksəlib, ikisi bürünc uğrunda yarışacaq.

57 kq
İslam Bazarqanov təsnifat mərhələsindən mübarizəyə başlayıb. İslamiadanın gümüş medalçısı startda Aryan Tsiutrin (AİN) ilə qarşılaşıb və 6:4 hesabıyla qələbə qazanıb. Bazarqanov ardınca almaniyalı dünya və Avropa üçüncüsü Horst Lerə tam üstünlüklə (10:0) qalib gələrək, yarımfinala yüksəlib. O, uduzduğunda finala yüksələ bilməyib. İslam mübarizəni bürünc medal uğrunda davam etdirəcək. Bazarqanovun rəqibi Kamil Kərimov (Ukrayna) olacaq.

65 kq
Əli Rəhimzadə təsnifat mərhələsində İslam Hüseynovdan (AİN) güclü olub - 7:4. Avropa çempionatının ikiqat bürünc mükafatçısı ardınca Erik Aruşanyanla (Ukrayna) qarşılaşıb və bu dəfə də xalçadan qalib ayrılıb. O, rəqibini 3:0 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Əli İslam Dudayevə (Albaniya) 1:3 hesabı ilə uduzub. Rəhimov bürünc uğrunda güləşəcək. O, Abdullah Toprak (Türkiyə)/Stefan Koman (Rumıniya) cütünün qalibinin Xamzat Arsamerzoyevlə (Fransa) görüşündə üstün olacaq tərəflə mübarizə aparacaq.

70 kq

Kənan Heybətov da təsnifat mərhələsindən yarışa start verib. Gənclər arasında dünya çempionumuz ardıcıl olaraq George Bukur (Rumıniya, 5:1) və İsrail Kasumova (AİN, 4:3) qalib gəlsə də, 1/4 finalda Ramazan Ramazanova (Bolqarıstan, 5:9) uduzub.

79 kq
Orxan Abasov çempionatda ilk görüşünü 1/8 finalda keçirib. O, İman Mahdavi (UWW) ilə üz-üzə gəlib və 9:6 hesabı ilə qələbə qazanıb. Lakin Abasov ikinci qarşılaşmasında italiyalı dünya və Avropa çempionu, olimpiya medalçısı Frank Çamizoya məğlub olub - 5:6.

97 kq
Maqomedxan Maqomedov də 1/8 finaldan yarışa qoşulub. Son iki Avropa çempionatının finalçısı 2022-dəki qızıl və ötənilki gümüşə növbəti medalını əlavə etmək uğrunda mübarizəyə Georgian Triponla (Rumıniya) qarşılaşma ilə başlayıb. Güləşçimiz 9:1 hesablı qələbə sayəsində mərhələ adlayıb. Maqomedov daha sonra slovakiyalı Batirbek Tçakulova tam üstünlüklə (13:2) qalib gələrək yarımfinalda iştirak hüququ qazanıb. O, yarımfinalda Vladislav Baytçayevə 7:2 hesabı ilə qalib gələrək finala yüksəlib. Maqomedxan həlledici görüşdə gürcü Givi Matçaraşvili ilə qarşılaşacaq.

Qeyd edək ki, digər 5 güləşçimiz sabah xalça üzərinə çıxacaq.

İdman.biz

Məqalədə: