Bakıda keçirilən U17 dünya güləş çempionatı daha bir maraqlı məqamla yadda qalıb. Məlum olub ki, Finlandiyanın qızlardan ibarət yığmasının heyətində azərbaycanəsilli güləşçi Sura Mirac Abbassoy da yer alıb. Sura paytaxtımızda təşkil olunan dünya çempionatında yarımfinala qədər irəliləməyi də bacarıb.
O, mətbuata verdiyi açıqlamada gələcəkdə Azərbaycan bayrağı altında çıxış etməyi arzuladığını bildirib. Yeniyetmə idmançı hazırda başqa ölkəni təmsil etməsinin sənədləşmə ilə bağlı olduğunu da vurğulayıb.
İdman.Biz məsələ ilə bağlı kiçik araşdırma aparıb.
Araşdırma zamanı məlum olub ki, Sura Mirac Abbassoy Azərbaycan vətəndaşlığı ilə yanaşı, Finlandiya pasportuna da malikdir. Yeniyetmə güləşçi beynəlxalq yarışlarda ilk gündən Finlandiya bayrağı altında çıxış edib. Məhz bu məqam onun hazırda Azərbaycan millisini təmsil etməsini çətinləşdirir.
Belə ki, Dünya Güləş Birliyinin (UWW) qüvvədə olan qaydalarına əsasən, idmançının idman vətəndaşlığını dəyişməsi üçün müəyyən tələblər mövcuddur. Sura Mirac Abbassoyun gələcəkdə Azərbaycan millisinin heyətində çıxış etməsi üçün ən azı üç il ölkədə daimi yaşaması, daxili yarışlarda iştirak etməsi və nəticələri ilə özünü doğrultduqdan sonra yığmaya dəvət alması lazımdır. Məhz bu səbəbdən hazırda onun Finlandiya bayrağı altında çıxışını davam etdirməsi daha real seçim hesab olunur.
