“Bu gün dünya çempionatında mübarizə aparan güləşçilər sabah Azərbaycanın olimpiya ümidləri olacaqlar”.
Bunu Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin böyük məşqçisi Rafiq Hüseynov deyib.
Mütəxəssis komandanın Bakıda keçirilən U-17 dünya çempionatındakı çıxışından razı qaldığını bildirib.
“Komandamla fəxr edirəm və hər bir idmançıdan razıyam. Onların medal qazanıb-qazanmamasından asılı olmayaraq, son 6 ay ərzində göstərdikləri əzmə, zəhmətə və fədakarlığa şəxsən şahid olmuşam. Məşq zalında tökülən tər, çəkilən əziyyət və fədakarlıq mənim üçün hər bir medaldan daha böyük dəyər daşıyır. Əlbəttə, hər bir idmançı yarışa qalib gəlmək arzusu ilə çıxır. Ancaq idmanın gözəlliyi də elə bundadır ki, burada hər zaman yalnız bir qalib olur. Məğlubiyyət isə son deyil, gələcək qələbələrin başlanğıcıdır. Ən vacibi məğlub olanda ayaqda qalmağı, səhvlərdən nəticə çıxarmağı və yenidən daha güclü qayıtmağı bacarmaqdır”, - deyə o report.az-a açıqlamasında söyləyib.
Millinin böyük məşqçisi medal qazanmayan idmançılara müraciət edib:
“Medal qazanmayan idmançılara xüsusi olaraq demək istəyirəm ki, ruhdan düşməsinlər. Bu gün axıtdığınız göz yaşları sabah qələbə sevincinə çevrilə bilər. Dünya çempionatı artıq tarixə çevrildi. İndi isə qarşıya baxmaq, daha böyük hədəflər uğrunda çalışmağın vaxtıdır. Hər yeni gün yeni bir şans, hər yeni yarış isə özünü sübut etmək üçün yeni bir fürsətdir”.
Komandanın qazandığı uğurlarda əməyi olan hər kəsə təşkkür edən R.Hüseynov güləşsevərlərə də səslənib:
“Bu gün bu komandanın qazandığı uğur təkcə idmançıların deyil. Burada federasiyamızın, məşqçilərimizin, şəxsi məşqçilərin, həkimlərin, texniki heyətin, valideynlərin və bizə inanan hər kəsin əməyi var. Hər birinə səmimi təşəkkürümü bildirirəm. Sonda isə azarkeşlərimizə müraciət etmək istəyirəm. Bu yeniyetmələrə sahib çıxın, onları dəstəkləyin və inanın. Çünki bu gün dünya çempionatında mübarizə aparan bu uşaqlar sabah Azərbaycanın olimpiya ümidləri, gələcəyin dünya və olimpiya çempionları olacaqlar. Biz onların potensialına inanırıq və əminəm ki, ən böyük uğurlarımız hələ qarşıdadır”.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatını ümumilikdə 6 medalla ikinci sırada başa vurublar. Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.
