Ermənistanlı güləşçilər Bakıda səmimi və yüksək səviyyədə qarşılanıblar.
İdman.Biz xəbər verir ki, bunu Bakıda təşkil olunan U-17 dünya çempionatında qızıl medal qazanan ermənistanlı yunan-Roma güləşçisi Yanes Nazaryan (71 kq) deyib.
O, qələbə qazandığı üçün sevindiyini və Bakıda keçirilən mundialın yüksək səviyyədə təşkil oldunduğunu bildirib
“Əhval-ruhiyyəmiz çox yaxşıdır. Burada bizi olduqca səmimi və yüksək səviyyədə qarşıladılar. Yarış yüksək səviyyədə təşkil olunub və iştirakçılar da kifayət qədər güclü idilər. Qalib gəldiyim üçün sevincliyəm”, - Nazaryan deyib.
Nazaryan təşkilati baxımdan heç bir problemlə üzləşmədiklərini vurğulayıb: “Bakıda keçirilən dünya çempionatında iştirakımız üçün bütün zəruri şərait yaradılıb. Bizi çox yaxşı qarşıladılar və rahat hazırlıq keçməyimiz, eləcə də yarışda çıxış etməyimiz üçün hər cür imkan yaratdılar”.
Yanes Nazaryan finalda rusiyalı Aslan Dzuevə qalib gələrək qızıl medal qazanıb.
