Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında iştirak edən Ermənistan yığmasının məşqçisi Qagik Xaçatryan Azərbaycan mediasına müsahibə verib.
İdman.Biz xəbər verir ki, ermənistanlı mütəxəssis ilk dəfə 20 yaşında Bakıda olduğunu xatırladaraq, builki dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirib.
“Yeniyetmələr arasında dünya çempionatında ilk dəfə Bakıda iştirak edirik. Bir finalçımız, bir bürünc medalçımız və beşinci yeri tutan idmançımız oldu. Çempionatın təşkili ilə bağlı çox yaxşı təəssüratlarım var. Təşkilatçılıq yüksək səviyyədədir. Artıq 50 ildir məşqçi kimi çalışıram. Deyə bilərəm ki, hər yerdə belə qarşılanma olmur. Hər şey yüksək səviyyədə təşkil edilib. İlk dəfə 20 yaşımda Bakıda olmuşdum. Bu cür qonaqpərvərlik gözləmirdim. Azarkeşlərdən çox isti münasibət gördük”, – deyə Xaçatryan bildirib.
Qeyd edək ki, U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir.
