İsfahan Həsənov U-17 dünya çempionatında gümüş medal qazandı - YENİLƏNİB

28 İyul 2026 19:59
927
İsfahan Həsənov U-17 dünya çempionatında gümüş medal qazandı - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov U-17 dünya çempionatında gümüş medal qazanıb.

İdman.Biz xəbər verir ki, Bakıda keçirilən mundialda 80 kq çəki dərəcəsində çıxış edən Həsənov final görüşündə İran təmsilçisi Alireza Hassan Rezaeiyə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Bununla da Azərbaycan yığmasının yarışdakı medal sayı artıb. Daha əvvəl Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, yunan-Roma güləşində 60 kq çəki dərəcəsində mübarizə aparan Elmir Çərkəzov da bürünc medal uğrunda görüşə çıxacaq. O, yarımfinalda İran təmsilçisi Amirreza Saeid Tahmasbpourmarzouniyə 4:5 hesabı ilə uduzub.

U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Turnirdə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

19:26

Azərbaycanın yunan-Roma güləşçiləri U-17 dünya çempionatında daha iki medal qazanıblar.

İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Çxikvadzeyə 7:1 hesabı ilə qalib gəlib.

65 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həbibli də mundialı bürünc medalla başa vurub. O, üçüncü yer uğrunda qarşılaşmada Hindistan təmsilçisi Kunal Daqara qalib gələrək Azərbaycan yığmasının aktivinə növbəti medalı yazdırıb.

Bununla da Azərbaycan komandası yarışda iki bürünc medal əldə edib.

Qeyd edək ki, Bakıda keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

10:23

Bu gün Azərbaycanın üç yunan-Roma güləşçisi Bakıda təşkil olunan U-17 dünya çempionatında medallar uğrunda görüşlərə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, dünən yarımfinalda uduzan Ömər Salmanovla (48 kq) Orxan Həbibli (65 kq) bürünc medal qazanmaq üçün mübarizə aparacaqlar.

İsfahan Həsənov (80 kq) isə mundialın qızıl medalına yiyələnmək şansına malikdir. O, finalda iranlı Alireza Rezayi ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

İdman.Biz