“Dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu idman siyasəti nəticəsində ölkəmiz yüksək idman nəticələri və idmanın kütləviliyi ilə yanaşı, beynəlxalq miqyaslı nüfuzlu yarışların təşkilatçısı kimi də böyük nailiyyətlər əldə edir. Bu gün böyük yarışların təşkilində Azərbaycanın artıq kifayət qədər təcrübəsi var”.
Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir bildirib ki, müxtəlif illərdə Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, 15-ci Avropa Gənclərinin Yay Olimpiya Festivalı, Üçüncü MDB Oyunları və digər çoxnövlü yarışların keçirilməsi Azərbaycana zəngin təşkilati təcrübə qazandırıb. Onun sözlərinə görə, artıq ölkədə beynəlxalq yarışları yüksək səviyyədə təşkil edə biləcək peşəkar mütəxəssislər formalaşıb.
“İlk Avropa Oyunları zamanı xaricdən mütəxəssislər dəvət edirdiksə, indi bizim mütəxəssislərimiz başqa ölkələrdə keçirilən beynəlxalq yarışlarda çalışırlar. Bu, əvvəlki yarışlardan qalan çox yaxşı mirasdır”, - deyə nazir AZƏRTAC-a açıqlamasında bildirib.
Fərid Qayıbov vurğulayıb ki, Azərbaycanda müasir idman infrastrukturu yaradılıb və bu gün ən nüfuzlu yarışların ölkəmizdə keçirilməsinə beynəlxalq səviyyədə inam var:
“Məhz bunun nəticəsində müxtəlif beynəlxalq yarışların təşkili Azərbaycana həvalə olunur. Bu ilin ilk yarısında ölkəmizdə gimnastikanın müxtəlif növləri üzrə Dünya Kubokları, bilyard üzrə Avropa çempionatı, peşəkar boks yarışları, Qarabağda avarçəkmə və kanoe yarışları, velosiped turnirləri, şahmat, qolf və digər idman növləri üzrə beynəlxalq turnirlər keçirilib. Hazırda Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. İlin sonunadək isə qadın voleybolçular arasında Avropa çempionatı, basketbol üzrə müxtəlif yarışlar, cüdo və sambo üzrə dünya çempionatları, Azərbaycan idman tarixində ilk dəfə üzgüçülük üzrə Dünya Kuboku, eləcə də ilk dəfə beynəlxalq “IRONMAN 70.3 BAKU” triatlon yarışı təşkil olunacaq”.
Qayıbovun sözlərinə görə, Azərbaycan bir dəfə - 2007-ci ildə güləş üzrə böyüklər arasında dünya çempionatına ev sahibliyi edib və növbəti mundialın keçirilməsinin vaxtı artıq yetişib:
“İnfrastrukturumuz çox əlverişlidir. Məsələn, Milli Gimnastika Arenasında həm əsas yarış meydançası, həm də məşq və isinmə zalları mövcuddur. İdmançıların yerləşməsi üçün isə arena ilə üzbəüz Atletlər kəndi fəaliyyət göstərir. Bundan başqa, Bakı Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi və digər müasir idman qurğularımız var. Bakıda buz meydançası da fəaliyyət göstərir. Artıq fiqurlu konkisürmə və hokkey üzrə idmançılarımız var və onlar nəticələr əldə edirlər”.
