Nihad Süleymanlı: “Bakıda dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm”

19 May 2026 21:16
168
Nihad Süleymanlı: “Bakıda dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm”

“Qarşıda Bakıda keçiriləcək U17 dünya çempionatı gəlir. Daha da yaxşı hazırlaşıb, Vətəndə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”.

İdman.Biz bildirir ki, bu sözləri Bolqarıstanın Samokov şəhərində keçirilmiş U-17 Avropa çempionatının qalibi Nihad Süleymanlı deyib.

“İlk qarşılaşmam gürcüstanlı rəqiblə oldu və görüş kifayət qədər ağır keçdi. Hətta yüngül zədələr də aldım. Buna baxmayaraq ruhdan düşmədim. Hədəfim çempion olmaq idi və bu məqsədlə irəliləməyə davam etdim. Daha sonra almaniyalı və macarıstanlı güləşçiyə qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda rusiyalı idmançı ilə üz-üzə gəldim və şükürlər olsun ki, həmin görüşdə də qalib gəldim.

Finalda isə qardaş ölkədən Emirhan Çayırı məğlub edərək çempion oldum. Həlledici görüşə çıxmazdan əvvəl həyəcanlanmayacağımı düşünürdüm. Amma heç də təsəvvür etdiyim kimi olmadı. Çempionluğun taleyini müəyyənləşdirən bu görüşün həyəcanından yan keçə bilmədim. Buna baxmayaraq, sonadək mübarizə apardım və 10:0 hesablı qələbə ilə Samokov arenasında bayrağımızı dalğalandırdım. Qələbəmi ölkəmizə həsr edirəm.

Üzərimdə böyük əməyi, zəhməti olan şəxsi məşqçilərim Əlisa Abbasov və Hüseyn Nəsirova, həmçinin millinin məşqçilərinə dərin minnətdarlığımı bildirirəm. Qarşıda Bakıda keçiriləcək U17 dünya çempionatı gəlir. Daha da yaxşı hazırlaşıb, Vətəndə çempion olmaq üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, əsas rəqiblər İran və ABŞ təmsilçiləri olacaq. Komanda olaraq çox yaxşı hazırlaşacağıq”, - Süleymanlı bildirib.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş üzrə U-17 millisi Avropa çempionatını ikinci sırada bitirib. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

İdman.Biz