Sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Abdulrəşid Sadulayev ABŞ-də təşkil edilən peşəkar sərbəst güləş liqası RAF-ın turnirində(“Real American Freestyle”) çıxış edə bilər. Sadulayev sözlərinə görə, yarışın Azərbaycanda keçirilməsi variantı da nəzərdən keçirilir.
İdman.Biz xəbər verir ki, xarici jurnalistlərin dominant güləş üslubuna görə “Rus tankı” adlandırdığı Sadulayevin ABŞ vizası ilə bağlı müraciəti hələ baxış mərhələsindədir.
“Hələ ki, imtina yoxdur. Vaxt da var. Əgər mayın 25-26-na qədər təsdiqləsələr, ABŞ-yə getmək istəyirəm”, – deyə güləşçi “Red Corner MMA”ya açıqlamasında bildirib.
Sadulayev qeyd edib ki, onun liqadakı debütü mayın 30-da Dallasda keçiriləcək RAF turnirində planlaşdırılıb.
“Bu turnir mayın 15-də keçirilməli idi. Amma Yaxın Şərqdəki gərgin vəziyyətə görə Texasa köçürüldü. Mən də orada çıxış etməyi planlaşdırıram. Viza versələr, dərhal yola düşəcəyəm”, - deyə o vurğulayıb.
Rusiyalı idmançı hadisələrin başqa cür inkişaf edə biləcəyini də istisna etməyib.
“Onlar bu ilin iyununda turnirin Qazaxıstan, Azərbaycan və ya Ermənistanda keçirilməsi variantını nəzərdən keçirirlər. Mən startdayam”, – deyə Sadulayev əlavə edib.
Azərbaycan Güləş Federasiyası artıq Abdulrəşid Sadulayevin sözlərinə münasibət bildirib.
Qurumdan İdman.Biz-ə açıqlamada ölkəmizdə belə bir turnirin keçirilməsi ilə bağlı heç bir planın olmadığı qeyd edilib.
“Bəlkə kimdəsə bu turniri Azərbaycanda keçirmək ideyası var. Amma bizim hələlik belə planlarımız yoxdur”, – deyə milli federasiyanın mətbuat xidmətinin rəhbəri Sərxan Musalı bildirib.
Qeyd edək ki, RAF (“Real American Freestyle”) 2025-ci ildə yaradılmış yeni ABŞ peşəkar sərbəst güləş liqasıdır. Layihənin yaradıcıları arasında restlinq əfsanəsi Halk Hoqan, WCW-nin keçmiş rəhbəri Erik Biskoff, biznesmen Çhad Bronstein və məşhur məşqçi İzzi Martinez yer alırlar.
Layihə geniş auditoriyaya hesablanmış şou formatlı ilk peşəkar sərbəst güləş liqası kimi təqdim olunur. RAF turnirləri böyük tədbir formatında keçirilir, media dəstəyi, çempionluq kəmərləri və “FOX Nation” platformasında yayımlarla müşayiət olunur. Liqada Olimpiya çempionları, NCAA ulduzları və tanınmış MMA nümayəndələri çıxış edirlər.
Xatırladaq ki, Sadulayev bu ilin yanvarında RAF ilə müqavilə imzalayıb.
Bundan başqa, daha əvvəl Azərbaycanın titullu güləşçisi, Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı Hacı Əliyevin də liqanın turnirlərində çıxış edəcəyi açıqlanmışdı. Onun döyüşü iyunda Sent-Luisdə keçiriləcək RAF 10 turnirinə planlaşdırılıb. Gözlənilir ki, Əliyevin rəqibi Puerto-Rikodan Sebastian Rivera olacaq.
