Azərbaycanın sərbəst güləşüzrə U-17 millisinin üzvü Hüseyn Rzazadə (48 kq) Avropa çempionatında qazandığı çempionluğu Bakıda keçiriləcək dünya çempionatında da təkrarlamaq istəyir.
İdman.Biz-in məlumatına görə, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verən idmançı Bolqarıstanın Samokov şəhərində qazandığı qızıl medal barəsində danışıb.
“Gürcüstan, Türkiyə, Rusiya və Ukrayna güləşçisinə qalib gələrək çempion oldum. Üz-üzə gəldiyim rəqiblər arasında ən güclüsü rus idmançı idi. Qələbəmdə əməyi olan məşqçilərə – Röyal Ağamalıyev, Ceyhun Ağamalıyev, Xəyal Ağamalıyevə, eləcə də Ramal Qəniyevə və Fərid İsmayılova dərin təşəkkürümü bildirirəm. Həmçinin yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzova, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevə minnətdaram. Bu yolda dəstəyini, dualarını məndən əsirgəməyən valideynlərimə və hər zaman yanımda olan yaxınlarıma təşəkkür edirəm. Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Qarşıda bizi böyük sınaq – dünya çempionatı gözləyir. İnşallah, Avropada qazandığım nəticəni Bakıda keçiriləcək dünya çempionatında da təkrarlamağa çalışacağam”, - deyə o bildirib.
