Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan yarışlar keçirilib.
İdman.Biz xəbər verir ki, turnirlər Naxçıvan Muxtar Respublikası, Sumqayıt və Sabirabadda təşkil olunub. Yarışlarda müxtəlif yaş qrupları üzrə ümumilikdə 300-dən artıq idmançı mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikasında yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan birinciliyi baş tutub. 2009–2011-ci il təvəllüdlü idmançıların iştirak etdiyi yarışda 80-ə yaxın güləşçi qüvvəsini sınayıb.
Sumqayıtda isə Ulu Öndər Heydər Əliyevin xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib. 2011–2013-cü il təvəllüdlü idmançıların mübarizə apardığı yarışda 80-dən artıq güləşçi iştirak edib.
Ümummilli Liderin xatirəsi Sabirabadda da yad olunub. Burada yeniyetmələr arasında yunan-Roma güləşi üzrə açıq turnir təşkil edilib. Açıq havada keçirilən yarışda iki yaş qrupu üzrə 150-yə yaxın idmançı xalça üzərinə çıxıb. Turnirdə 2010–2012 və 2015–2017-ci il təvəllüdlü güləşçilər mübarizə aparıblar.
