Azərbaycan güləşçilərindən Dünya Seriyasında üç medal

10 May 2026 15:28
515
Azərbaycan güləşçilərindən Dünya Seriyasında üç medal

Çimərlik güləşi üzrə Azərbaycan millisi Vyetnamın Dananq şəhərində keçirilən Dünya Seriyasının ilk mərhələsində uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında yarışa qatılan komandamız turniri bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurub. Mövsümün ilk mərhələsində ölkəmizi dörd güləşçi təmsil edib.

90 kq çəkidə mübarizə aparan Əşrəf Aşırov çimərlik güləşində debütünü qızıl medalla qeyd edib. Qrup mərhələsində maksimum nəticə göstərən idmançımız yarımfinalda yunanıstanlı Mixail Akritidisə, finalda isə gürcüstanlı İuza Tsertsvadzeyə 3:1 hesabı ilə qalib gələrək çempion olub.

80 kq-da çıxış edən Sahib Dadaşov qrup ikincisi kimi yarımfinala yüksəlib. O, bu mərhələdə fransalı Huqo Kuenoya 3:0 hesabı ilə qalib gəlib. Finalda gürcüstanlı Luka Çxitunidzeyə 1:2 hesabı ilə uduzan Dadaşov Dünya Seriyasının ilk mərhələsini gümüş medalla tamamlayıb.

70 kq çəkidə Rübail İbrahimli də qrup ikincisi kimi yarımfinala adlayıb. O, finala gedən yolda rusiyalı Konstantin Topşinoyevə 0:1 hesabı ilə məğlub olsa da, bürünc medal görüşündə fransalı Kuentin Stikeri 2:1 hesabı ilə üstələyib.

Dörd çəkidən üçündə təmsil olunan Azərbaycan millisi 60 xal toplayıb. Komandamız ümumi hesabda Gürcüstan və Ukraynadan sonra üçüncü yeri tutub. Gürcüstan 71, Ukrayna isə 65 xalla ilk iki pillədə qərarlaşıb.

İdman.Biz