Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatında uğurlu çıxış ediblər.
İdman.Biz xəbər verir ki, ümumilikdə üç güləş növü üzrə Azərbaycan idmançıları 13 medal qazanıblar.
Yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal qazanıb, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal əldə ediblər. Qadın güləşində isə Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medala sahib çıxıblar. Sərbəst güləşdə İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Georgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş medal qazanıb, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, həm Avropa, həm də dünya çempionatları təkcə mühüm turnir olmaqla kifayətlənmir, həm də Olimpiya lisenziyaları uğrunda milli komandaların əsas heyətinin formalaşmasında böyük rol oynayır. 2026-cı il yeni Olimpiya tsiklinin tam ortası hesab olunur və məhz bu il 2027-ci ildə Las-Veqasda (ABŞ) keçiriləcək dünya çempionatında ilk Olimpiya vəsiqələrinin hansı idmançılara etibar ediləcəyi daha aydın görünəcək.
Bu baxımdan Albaniyada keçirilən Avropa çempionatının nəticələri ümumilikdə ümidverici hesab olunur. Azərbaycan güləşçilərinin qazandığı 13 medalın 8-i olimpiya çəkilərinə, 5-i isə qeyri-olimpiya çəkilərinə təsadüf edib.
Yunan-Roma güləşində Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), İslam Abbasov (87 kq), qadın güləşində Jalə Əliyeva (57 kq), sərbəst güləşdə isə İslam Bazarqanov (57 kq), Turan Bayramov (74 kq), Arseniy Djioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) olimpiya çəkilərində medal qazanıblar.
Hər bir güləş növündə 6 olimpiya çəkisinin olduğunu nəzərə alsaq, Azərbaycan güləşçiləri bu kateqoriyaların yarısında medal qazanıblar ki, bu da pis nəticə sayılmır, lakin hədəflərlə müqayisədə ideal da hesab edilmir.
Olimpiya çəkilərindən üçündə medal qazanılmasa da, yalnız bir çəkidə idmançımız medaldan çox az geri qalıb — Beka Kandelaki (130 kq) bürünc uğrunda görüşdə uduzaraq 5-ci yeri tutub. 77 kq və 97 kq çəkiləri isə hazırda problemli hesab olunur: Sənan Süleymanov və Murad Əhmədiyev müvafiq olaraq 7-ci yerlə kifayətləniblər.
Qısa müddətdə bu çəkilərdə nəticələr dəyişməsə, məşqçilər korpusu heyətdə rotasiyaya əl ata bilər. Məsələn, 82 kq-da qızıl medal qazanan Qurban Qurbanov fiziki göstəriciləri uyğun gələrsə, 77 kq-a enə bilər. 97 kq üçün isə ehtiyat heyətdən yeni seçimlər nəzərdən keçirilə bilər.
Qadın güləşi üzrə vəziyyət isə daha zəif qiymətləndirilir. Tiranada cəmi iki bürünc medal qazanılıb və onlardan yalnız biri olimpiya çəkisinə aiddir - Jalə Əliyeva (57 kq).
Günay Qurbanova isə qeyri-olimpiya çəkisində medal qazanıb və yaxın vaxtlarda onun 62 kq-a keçidi ehtimal edilir. Bu çəkidə isə Ruzanna Məmmədova ilə ciddi rəqabət yarana bilər.
Sərbəst güləşdə isə nəticələr daha yaxşıdır - 6 olimpiya çəkisindən 4-də medal qazanılıb. Lakin 65 kq və 97 kq çəkiləri yenə də zəif nöqtələr kimi qalır. 65 kq-da Hacı Əliyevin karyerasını bitirməsindən sonra boşluq yaranıb və hələlik lider yoxdur. 97 kq-da isə Osman Nurməhəmmədov erkən mərhələdə mübarizəni dayandırıb.
Eyni zamanda, Ali Tsokayev (92 kq) və digər perspektivli güləşçilərin gələcəkdə olimpiya çəkilərinə keçidi də istisna olunmur.
Ümumilikdə, Tiranada keçirilən Avropa çempionatı Azərbaycan güləşinin Avropada yüksək rəqabət qabiliyyətini qoruduğunu göstərdi. Bununla yanaşı, bəzi çəkilərdə problemlər və inkişaf ehtiyacı da açıq şəkildə ortaya çıxdı. Yaxın illərdə Olimpiya təsnifat mərhələləri öncəsi məşqçilər korpusu heyətin optimallaşdırılması üzərində işləməli olacaq.
