Xetaq Qazyumov: “Hamı fəxri kürsüyə yüksələ bilərdi” - İDMAN.BİZ ALBANİYADAN

26 Aprel 2026 23:03
214
Xetaq Qazyumov: “Hamı fəxri kürsüyə yüksələ bilərdi” - İDMAN.BİZ ALBANİYADAN

“Sərbəst güləş üzrə Azərbaycan milli komandasının Albaniyadakı Avropa çempionatında komanda hesabında qazandığı qələbə həm ölkə, həm də idmançıların özləri üçün böyük əhəmiyyət kəsb edir”.

İdman.Biz Albaniyadan xəbər verir ki, bunu Avropa çempionatı başa çatdıqdan sonra sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Xetaq Qazyumov bildirib.

Mütəxəssisin sözlərinə görə, o, komandanın çıxışından razıdır, baxmayaraq ki, bütün Azərbaycan idmançılarının fərdi yarışlarda fəxri kürsüyə yüksələ biləcəyini hesab edir:

“Üç qızıl medal komandanın və federasiyanın stabil işinin göstəricisidir. Burada yeni və fövqəltəbii heç nə yoxdur. Biz sadəcə qızıl medallar üzrə göstəricini yaxşılaşdırdıq və bu, bizim üçün çox vacibdir. Bu uşaqlardan nümunə götürürlər. Digərlərinin can atması və onların da eyni insanlar olduqlarını, eyni yüksəkliklərə nail ola biləcəklərini anlaması vacibdir.

Bizim rekordları fəth etmək kimi məqsədimiz yoxdur. Tapşırığımız hər bir idmançını üzə çıxarmaq, maksimumu göstərməkdir. Əgər imkanlarımızın maksimumunu nümayiş etdirsək, yaxşı nəticə də olacaq. Hamı fəxri kürsüyə çata bilərdi, lakin bəzilərində çox ağır, ədalətsiz püşk alındı. Bu, idmandır. Bəziləri taktik səhvlərə yol verdilər”.

O həmçinin qeyd edib ki, dünya çempionatı üçün heyət təxminən eyni qalacaq, lakin bir-iki çəkidə dəyişikliklər istisna edilmir:

“Bizim yeni insanlar haqqında düşünmək üçün o qədər də geniş ehtiyat qüvvəmiz yoxdur. Bu səviyyədə idmançı yetişdirmək çox ağırdır. Ola bilsin ki, fiziki keyfiyyətlərinə görə kimsə çatdırır, lakin mənəvi tərəf də bir o qədər vacibdir. Bu, çox sayda beynəlxalq yarışlarda iştirak etməklə qazanılır”.

Baş məşqçi uzunmüddətli planlarını da bölüşüb:

“İlk növbədə biz olimpiya çəki dərəcələrinə üstünlük veririk. Ali Tsokayevi olimpiya çəkisinə keçirəcəyik - ya aşağı, ya da yuxarı ki, daha güclü rəqabət olsun. Eyni şey digər çəki dərəcələrinə də aiddir ki, Olimpiadaya yaxın rəqabət daha yüksək olsun”.

İdman.Biz