Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov (57 kq) karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb.
İdman.Biz-in Albaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı qələbəsinə hələ də inanmaqda çətinlik çəkdiyini bildirib.
“İnanmaq olmur, hisslərim sözlə ifadə edilməzdir. Çox ağır görüş idi, rəqib olduqca prinsipial idi. Dünya çempionatında ona uduzmuşdum. Əlverişsiz rəqibdir, ona qarşı köklənmək çətin idi. Şükürlər olsun ki, hər şey alındı”, - deyə o qeyd edib.
Bazarqanov yaradılan şəraitə görə məşqçilər heyətinə və federasiyaya təşəkkürünü bildirib, həmçinin hazırlıq prosesində çoxsaylı təlim-məşq toplanışlarının əhəmiyyətini vurğulayıb.
O, sabah Avropa çempionatının finalında çıxış edəcək digər Azərbaycan idmançılarına da uğurlar arzulayıb:
“Onlara uğurlar arzulayıram. Mən ilk addımı atdım, inanıram ki, onlar gözəl sonluq edəcəklər”.
