Elçin Cəfərov: “Yunan-Roma güləşi millimizin Avropa çempionu olması düzgün qurulan işin nəticəsidir”

25 Aprel 2026 18:38
144
Elçin Cəfərov: “Yunan-Roma güləşi millimizin Avropa çempionu olması düzgün qurulan işin nəticəsidir”

“Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin ardıcıl üçüncü dəfə Avropa çempionu olması düzgün qurulmuş işin nəticəsidir”.

Bunu millinin sabiq məşqçisi Elçin Cəfərov bildirib.

“Şöhrət” ordenli mütəxəssis Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan təmsilçilərinin çox yaxşı mübarizə apardığını bildirib.

“Bu sabitliyin sirri düzgün işin qurulmasındadır. İkincisi, qalibi heç vaxt sorğu-sual və mühakimə etmirlər. Komanda birinci oldu, uşaqlar çox yaxşı fiziki, taktiki və texniki hazırlıq göstərdilər. Artıq üçüncü dəfədir ki, Avropada komanda hesabında birinci oluruq və mən doğrudan da belə nəticə gözləyirdim”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

E.Cəfərov bəzi çəki dərəcələrində qızıl medal gözləntilərinin olduğunu qeyd edib:

“Sadəcə, bir neçə medalın yeri səhv düşdü. Nihat Məmmədlini və Sənan Süleymanovu qeyd edərdim. Final görüşləri haqqında qabaqcadan qəti danışmaq olmaz, amma müəyyən gözləntilər var idi. Mən gözləyirdim ki, 77 kq-da Sənan Süleymanov finalda mübarizə aparar. Həmçinin Nihat Məmmədli (60 kq), Murad Əhmədiyev (97 kq) və Ruslan Nurullayevdən (72 kq) də gözləntilər belə idi. Amma orada hakim faktoru, çəkisalma məsələləri kimi müxtəlif problemlər olur”.

O, komandanın ümumi uğurunda hər bir idmançının rolunu xüsusi qeyd edib:

“Hətta medal qazanmayan digər beş idmançımız da komandanın birinci olması üçün önəmli xallar əldə etdilər. Onlar həmin xalları qazanmasaydılar, komanda çempion ola bilməzdi. Hesab edirəm ki, bu iş belə davam etsə, dünya çempionatında da böyük uğurlarımız olacaq. Hazırlıq mərhələsi, təlim-məşq toplanışları və təminat məsələləri federasiyanın diqqətindədir”.

Qeyd edək ki, yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Azərbaycan millisi komanda hesabında birinci olub.

İdman.Biz