Saypulla Absaidov: “Hər şey qaydasında olsa, Günay Qurbanova parlaq ulduz olacaq” - İDMAN.BİZ ALBANİYADAN

23 Aprel 2026 02:25
321
Saypulla Absaidov: “Hər şey qaydasında olsa, Günay Qurbanova parlaq ulduz olacaq” - İDMAN.BİZ ALBANİYADAN

Azərbaycan sərbəst güləş yığmasının sabiq baş məşqçisi, rəhbərliyi altında Azərbaycan idmançılarının Olimpiya Oyunlarının mükafatçısı olduğu Saypulla Absaidov bu günlərdə Avropa çempionatının keçirildiyi Albaniyadadır.

Hazırda o, güləş üzrə Rusiya qadın yığmasının məşqçilər heyətində yer alır. Təcrübəli mütəxəssis İdman.Biz ilə söhbətində Avropa çempionatı haqqında fikirlərini bölüşüb və Azərbaycan idmançılarından danışıb.

- Qızlar arasında ilk yarış günündən təəssüratlarınız necədir?

- Öz yetirmələrim haqqında danışsam, əlbəttə ki, daha yaxşı nəticələr görmək istərdim. Lakin elə olmur ki, hamı eyni səviyyədə çıxış etsin. Komandamızın liderlərindən biri Yekaterina Verbina, təəssüf ki, artıq ilk görüşdə büdrədi. O, keçən ilin Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısıdır. Bu, bir az məyusedicidir, qalan məsələlərdə isə hər şey yaxşı gedir.

- Bu Avropa çempionatında Azərbaycan idmançılarını izləyirsiniz?

- Bəli, əlbəttə. Mən 10 il Azərbaycanda yaşamışam və işləmişəm, ona görə də bu mənim üçün maraqlıdır. Baxıram, müşahidə edirəm. Üstəlik, qızların hamısını tanıyıram. Təlim-məşq toplanışlarında və yarışlarda tez-tez görüşürük.

Bundan əlavə, Azərbaycan yığmasının məşqçiləri - Toğrul Əsgərov və Ağahüseyn Mustafayev mənim tələbələrimdir, onları yarışlara mən aparırdım. Ona görə də diqqətlə izləyirəm, haradasa nəsə məsləhət görməyə, imkan daxilində kömək etməyə çalışıram.

- Azərbaycanlı idmançılardan kimi fərqləndirə bilərsiniz?

- Azərbaycan yığmasında dünya səviyyəsinə tam layiq olan bir neçə qız var. Onlardan biri - mənim fikrimcə ən gənci və maraqlısı Günay Qurbanovadır.

Əgər məşq prosesi düzgün qurulsa, onun böyük gələcəyi var. Bunu tam məsuliyyətimlə deyirəm. Metodika, məşq planı, motivasiya çox vacibdir. O, çox istedadlıdır, bu dərhal görünür. Genetika da öz rolunu oynayır: həssaslıq, dözümlülük, fiziologiya. Bir sözlə, hər şey onda var. Ona görə də, hər şey qaydasında olsa, o, parlaq ulduz olacaq.

Jalə Əliyeva da var. Müəyyən dövrdə o, bir az formasını itirdi, zədələri oldu. Həmçinin Ruzanna Məmmədovanı fərqləndirərdim. Bunlar həm dünya çempionatlarında, həm də hətta Olimpiya Oyunlarında yaxşı nəticələr göstərə biləcək üç idmançıdır.

- Tezliklə sərbəst güləşçilər də mübarizəyə qoşulur. Azərbaycanın sərbəst güləş yığmasına da sizin keçmiş tələbəniz Xetaq Qazyumov rəhbərlik edir…

- Bəli, bu məşqçilər heyətində də mənim özümün məşq keçdiyim və yarışlara apardığım mütəxəssislər var: Xetaq Qazyumov, Cəbrayıl Həsənov, Şərif Şərifov. Onları da dəstəkləməyə, yönləndirməyə çalışıram.

Yaxşı komanda formalaşır, amma görək burada özlərini necə göstərəcəklər. Komanda sabitdir, belə deyək. Gələcəkdə olimpiya qızılı almaq üçün bir az da artırmaq lazımdır. Bu güləşçilərin arasından ən istedadlılarını seçib onlara daha çox diqqət yetirmək lazımdır ki, potensialları açılsın.

- Sizin fikrinizcə, bu potensial kimdə var?

- Dediyim kimi, ümumilikdə komandanın potensialı var, lakin düşünürəm ki, hələ işləmək lazımdır. Motivasiya məsələsi və psixoloji aspekt çox vacibdir. Həddindən artıq yükləmək olmaz, vaxtında bərpa olunmaq lazımdır. Əgər istəklə güləşsələr, hər şey normal olacaq.

Məsələn, Turan Bayramov. Mən ümumiyyətlə düşünürdüm ki, o, bir az tez parlayacaq, dünya çempionatı və Olimpiya Oyunlarının medallarını qazanacaq. Bunun üçün hər şey var idi… Görünür, hansısa məqamda intizam lazımi səviyyədə olmayıb, məşq prosesi tam düzgün qurulmayıb. Zədələr də öz təsirini göstərdi. O, perspektivli idmançı kimi inkişafında bir az ləngidi. Bəlkə də burada, Avropa çempionatında özünü göstərəcək, potensialı açılacaq.

- Son olaraq öyrənmək istərdik, Azərbaycanda nə qədər tez-tez olursunuz?

- Səmimi olsam, Bakını çox sevirəm. Orada çoxlu dostum var. Azərbaycanda tez-tez oluram, xüsusilə Yeni il ərəfəsində ailəmlə gəlməyi sevirik.

Sonuncu dəfə cəmi ay yarım-iki ay əvvəl olmuşam. Əgər bir həftəlik istirahət imkanı olursa, Bakıya gedirəm. Həm uzaq deyil, həm də rahatdır. Həyat yoldaşım da oradan çox xoşlanır. Mübaliğəsiz deyirəm, bu gün Azərbaycan ən maraqlı və rahat ölkələrdən biridir.

İdman.Biz