Yunan-Roma güləşi üzrə dördqat dünya çempionu Eldəniz Əzizli Albaniyada keçirilən güləş üzrə qitə çempionatında milli komanda ilə birlikdə Azərbaycan idmançılarını dəstəkləyir.
İdman.Biz xəbər verir ki, tanınmış idmançı xüsusilə 55 kq çəki dərəcəsində çıxış edən Rəşad Məmmədovun çıxışını yüksək qiymətləndirib.
Əzizli müsahibəsində yarışda iştirak etməməsinin səbəblərindən də danışıb və mövsümlə bağlı planlarını açıqlayıb:
“Bildiyiniz kimi, bu Avropa çempionatında çıxış etmirəm. Hesab edirəm ki, gənclərə şans vermək lazımdır. Tiranaya gəldim ki, uşaqlara, o cümlədən Rəşad Məmmədova dəstək olum. Onun üçüncü yer uğrunda görüşdə uğur qazanacağına inanıram və Bakıya medalla qayıdacağına əminəm. Gələcək planlarıma gəlincə, artıq oktyabrda Bəhreyndə keçiriləcək dünya çempionatına hazırlığa başlamışam”, - deyə E. Əzizli bildirib.
