“Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey öyrədənləri tanıtmaq lazımdır” - Ülvi Qənizadənin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
4 Noyabr 2025 12:23
224
“Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey öyrədənləri tanıtmaq lazımdır” - Ülvi Qənizadənin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Məhz o, Gənclər və İdman Nazirliyi tərəfindən tərtib edilən ötən ayın ən yaxşı idmançıları reytinqinə başçılıq edib. Bu da tam haqlı qərardır - çünki o, Olimpiya idman növləri arasında dünya çempionu titulunu qazanan yeganə azərbaycanlı idmançıdır.

Buna görə İdman.Biz müsahibəni elə ondan - yunan-Roma güləşi üzrə artıq ikiqat dünya çempionu olan Ülvi Qənizadədən götürmək qərarına gəldi.

- Ülvi, uzun müddət görüşə bilmədik, çünki dediniz ki, müəyyən probleminiz olub. Siz ölkəmizə, Güləş Federasiyasına, eləcə də Gənclər və İdman Nazirliyinə “qızıl” qazandırmaqla problemləri həll edirsiniz. Bəs sizin problemlərinizi kim həll edir?

- Gözəl sualdır (gülür). İndi əsas odur ki, cavabım yeni problemlər yaratmasın. Mənim problemlərimi, ilk növbədə, ailəm həll edir - onlar həmişə mənə dəstək olur. Federasiya məşqlərlə, vitamin təminatı ilə, fizioterapiya və zədədən sonra müalicə məsələləri ilə məşğul olur. Nazirlik isə mənim yarışlara getməyimə, orada “qızıl” qazanmağıma və maliyyə məsələlərinə yardım edir. Qısası, iş bölgüsü belədir.

- “Vikipediya” ilə bağlı probleminizi kim həll edəcək? Doğum yeriniz və tarixinizlə bağlı yanlış məlumatı kimsə düzəldəcəkmi?

– Eh, deməyin, bu, doğrudan da problemə çevrilib! Mən Sumqayıta və sumqayıtlılara, eləcə də Azərbaycanın bütün bölgələrinə böyük hörmətlə yanaşıram. Amma mən Suraxanı rayonunun Hövsan qəsəbəsində doğulmuşam, böyümüşəm və bu gün də orada yaşayıram. Lakin “Vikipediya”da nədənsə hələ də doğulduğum yer kimi Sumqayıt göstərilir. Həm də mən 1 yanvar yox, 1999-cu il 19 yanvarda doğulmuşam. O “1” rəqəmi haradan çıxıb, bilmirəm. Fürsətdən istifadə edib, sizin sayt vasitəsilə doğru məlumatı çatdırmaq istəyirəm!

- Doğum ili ilə bağlı problem yoxdur ki? Yoxsa o da səhv göstərilib?

- Yox, doğum ilimlə bağlı hər şey qaydasındadır. Amma uşaq vaxtı güləşəndə çoxları deyirdi: “Bu uşaq “lipa”dır!” - və hakimləri buna inandırmağa çalışırdılar (gülür).

- Daha böyük görünürdünüz?

- Yox, sadəcə, demək olar ki, bütün yaşıdlarımı vaxtından əvvəl, 8:0 hesabı ilə məğlub edirdim. Hətta məndən bir-iki yaş böyük olanları da. Ona görə düşünürdülər ki, yaşım şəxsiyyət vəsiqəsində göstəriləndən yuxarıdır.

- Siz rəqəmlərin magiyasına inanırsınız? Çünki bir çox idmançılar bu məsələyə inanırlar. Məsələn, siz “doqquz”larla əhatələnmisiniz.

- Yox, mən belə şeylərə inanmıram. Amma indi yadıma düşdü: idmana demək olar ki, doqquz yaşımda başlamışam və ilk məşqlərə Kriştianu Ronaldunun “doqquz” nömrəli “Mançester Yunayted” formasında getmişəm (gülür). Özüm “yeddini” sevirəm, amma “doqquzu” da bəyənirəm. Amma elə insanlardan deyiləm ki, maşının və ya telefonun nömrələri eyni rəqəmlərdən ibarət olsun. Belə məsələlər mənlik deyil. Baxmayaraq ki, imkanım var, amma bu, mənə heç bir zövq vermir.

- Yaxşı, elə sizlik deyil. Bəs nədən zövq alırsınız?

- Necə deyim... (düşünür) Məsələn, yaxınlarımla ünsiyyətdən. Əgər onlar yaxşıdırsa, mən də yaxşı oluram. Onlara, Allah göstərməsin, nəsə olsa, bu, mənim əhvalıma və idman nəticələrimə dərhal təsir edir.

- Nəticələr demişkən. Siz ikiqat dünya çempionusunuz, amma Avropa çempionu yalnız bir dəfə olmusunuz. Həm də bu il Avropa birinciliyində yalnız üçüncü yeri tutdunuz, baxmayaraq ki, dünya titulunuzu qorudunuz.

- Çox ağrılı mövzudan danışdınız... Bəli, mən üç dəfə Avropa çempionu ola bilərdim, əgər hakim ədalətsizliyi olmasaydı! Bu il ilk görüşdə macar idmançısı Levente Levayi ilə qarşılaşdım. Döyüşün bitməsinə beş saniyə qalmış 4:3 hesabı ilə irəlidə idim. O, üzümü zədələdi, hakimlər isə iki xal mənə yox, ona verdilər. Biz etiraz etdik, amma qəbul olunmadı və macar idmançısı əlavə xal alaraq 6:4 hesabı ilə qalib gəldi. Yaxşı ki, o, Avropa çempionu oldu və mənə “bürünc” uğrunda mübarizə imkanı yarandı.

Keçən il Buxarestdə türkiyəli Səlcuq Xanla qarşılaşmada onu, demək olar, “təmiz” udmuşdum, amma yenə qələbəni rəqibə verdilər. Ona görə düşünürəm ki, iki Avropa çempionluğumu ədalətsizlik ucbatından itirdim.

- İki dünya çempionluğu demişkən, siz bu titulu uğurla qorudunuz. Necə düşünürsünüz, nə üçün bizim Olimpiya çempionlarımız öz uğurlarını təkrarlaya bilmirlər?

- Mən də bu barədə çox düşünmüşəm, amma açığı, bilmirəm. Bir şeyə əminəm - məsələ, çoxlarının düşündüyü kimi, maliyyədə deyil. Məsələn, Rusiyada da Olimpiya “qızılı”na görə yüksək mükafatlar verilir, amma orada təkcə ikiqat yox, çoxqat Olimpiya çempionları da var. Həm də məsələ idmançıların sonradan “şou simalarına” çevrilməsində deyil. Düşünürəm ki, burada bir qədər bəxt amili var. Axı, bizim üç güləşçimiz - Namiq Abdullayev, Toğrul Əsgərov və Rövşən Bayramov - iki dəfə Olimpiya finalında olublar, amma Rövşən hər iki finalı uduzub... Mariya Stadnikin isə ümumilikdə dörd Olimpiya medalı var, iki dəfə finalda güləşib. Bəzən bu, bəxtsizlik, bəzən rəqibin üstünlüyü, bəzən də mənim Avropa çempionatında yaşadığım kimi hakim səhvi ilə bağlı olur. Yəni problem nə mükafatda, nə də qələbədən sonra idmançının “özünü buraxmağında” deyil.

- Bu fikrə tam qatılıram: hələ foto çəkdirməkdən əvvəl gərək insanlar səni tanısın, imza istəsin, şəkil çəkdirməyi özləri istəsin. Yeri gəlmişkən, sizi Hövsanda tanıyırlarmı?

- Əgər desəm ki, hamı tanıyır, düz olmaz. Heç kim tanımır desəm, bu da doğru deyil. Amma, əlbəttə, məni, misal üçün estrada ifaçısı qədər tanımırlar. Məsələn, Nəfəs Hövsana gələrsə hamı onunla şəkil çəkdirməyə qaçar. Mənə qarşı isə belə ajiotaj yoxdur.

- Necə düşünürsünüz, niyə ikiqat dünya çempionu belə, doğma qəsəbəsində, məsələn, “Nəfəs” və ya “Damla”dan az maraq doğurur?

- Bu sual mənə yox, sizin peşə sahiblərinə ünvanlanmalıdır. Əgər televiziya və saytlar idmançılardan daha çox bəhs etsəydilər, onları yalnız qələbə günlərində deyil, gündəlik həyatlarında da göstərsəydilər, əminəm ki, bizi də az tanımazdılar. İdmanda tanınan simaların sayını barmaqla saymaq olar.

Şəxsən mənim yadıma Rafael Ağayev və Hacı Əliyevdən başqa heç kim düşmür. Bəlkə, Paris Olimpiadasından sonra Hidayət Heydərov da bu sıraya qoşular. Amma, məsələn, cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyevi çox az adam simadan tanıyır.

Mətbuat məhz belə insanları tanıtmalıdır - gənclərə, yeniyetmələrə nümunə ola bilənləri. Bu, təkcə idmançılarla məhdudlaşmamalıdır - ali məktəbə ən yüksək balla daxil olan abituriyentlər, teatr aktyorları, gənc yazıçılar da ola bilər. Qısası, o insanlar reklam olunmalıdır ki, cəmiyyətə nəsə yaxşı öyrədə bilsinlər, yalnız bel oynatmağı və geyim nümayiş etdirməyi yox.

Vüqar Vüqarlı

İdman.Biz