Rusiya Futbol İttifaqının (RFİ) baş katibi Maksim Mitrofanov Beynəlxalq Futbol Federasiyasına (FİFA) iş adamı Tufan Sadıqovun istənilən ölkədə istənilən futbol fəaliyyətindən ömürlük qadağan edilməsi üçün müraciət etməyə hazır olduğunu açıqlayıb.
İdman.biz bildirir ki, ötən mövsümün yekunlarına əsasən, sərmayəçisi Sadıqov olan “Ximki” klubu RPL-də 12-ci yeri tutub.
Klub 2025/26 mövsümündə turnirdə iştirak etmək üçün lisenziya almayıb. “Qırmızı-qaralar” apellyasiya şikayəti verib, lakin RFİ-nin Apellyasiya Komitəsi ilkin qərarı qüvvədə saxlayıb. Bundan sonra "Ximki" rəhbərliyi klubun fəaliyyətini dayandırdığını açıqlayıb. Ötən mövsümdə klubun futbolçulara maaş borcunun olduğu bildirilirdi. Sentyabrın 9-da Moskva vilayətinin Arbitraj Məhkəməsi "Ximki"ni müflis elan edib.
Mitrofanovun sözlərinə görə, hazırda onun müraciəti əsasında “Ximki” klubunun rəhbərliyinin məsuliyyətə cəlb olunması üçün RFİ İntizam Komitəsində (İK) iş açılıb.
"Bu iş çərçivəsində cənab Sadıqovla bağlı məsələyə ayrıca baxılacaq. Əgər İK futbolla bağlı hər hansı fəaliyyətə ömürlük qadağa qoymağa qərar verərsə, bu qərarın bütün dünya futboluna şamil edilməsi xahişi ilə FIFA-ya müraciət göndərəcəyəm", - baş katib bildirib.
Hazırda azərbaycanlı iş adamı Türkiyənin Birinci Liqasında çıxış edən "Serikspor"un sərmayəçisidir.
İdman.biz